Son dəqiqə

Azərbaycan TÜRKSOY Türk Mədəniyyəti və İrsi Fondu Birinci Türkoloji Qurultay Türk Dünyası Həftəsi elmi və mədəni irs TDT

Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir

BAKI,TurkicWorld

29 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində iştirak edib.

Həftə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil olunub. Eyni zamanda, 7 oktyabr 2025-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə görüşündə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunan tədbirlər silsiləsinin keçirilməsi Türk dövlət başçılarının yekdil qərarı ilə dəstəklənmişdir.

Təntənəli açılış mərasimində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan dövlət başçılarının Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına ünvanladıqları müraciətlər səsləndirilib.

Açılışda həmçinin, Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov çıxış edərək, Birinci Türkoloji Qurultayın türk dünyasının elmi və mədəni inteqrasiyasındakı tarixi roluna toxunublar.
Daha sonra tədbir bədii hissə ilə davam edib.

İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, TDT, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyasının tərəfdaşlığı ilə keçirilir.

Bununla yanaşı, Türk Mədəniyyəti və İrsi Fondu Türk Dünyası Həftəsi çərçivəsində bir sıra mühüm elmi və mədəni tədbirlərin təşkilatçısı və tərəfdaşı qismində çıxış edəcək.

30 iyun tarixində Fond tərəfindən Azərbaycan, qazax, rus dillərində nəşr edilmiş, “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçiriləcək. İyulun 2-də Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Bakı, 1926: Dil, Fikir, Birlik” sərgisinin açılışı baş tutacaq. Həmin gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” mövzusunda VIII Beynəlxalq Elmi Simpoziumun açılış mərasimi keçiriləcək.

Bu tədbirlər Fondun ortaq türk elmi irsinin tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılması, həmçinin türk dünyasında elmi və mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin növbəti təzahürü olacaq.

Mövzuya görə xəbərlər