BAKI,TurkicWorld
Türk dünyasının mədəni irsinin qorunması və müasir dövrdə təbliği istiqamətində institusional əməkdaşlığın genişləndirilməsi gündəmdədir.
TurkicWorld xəbər verir ki, 27 yanvar 2026-cı il tarixində Qazaxıstana rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Qazaxıstan Respublikası Milli Bankının sədr müavini Aliya Moldabekova arasında görüş keçirilib. Görüşdə ortaq tarixi-mədəni irsin qorunması, maliyyə institutlarının mədəni diplomatiyada rolu və mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər milli pul vahidlərinin yalnız iqtisadi alət deyil, eyni zamanda Türk kimliyinin, tarixi yaddaşın və mədəni dəyərlərin daşıyıcısı kimi əhəmiyyətini vurğulayıblar. Bu kontekstdə beynəlxalq təcrübənin öyrənilməsi, numizmatika sahəsində mədəni irsin vizual təqdimatı, institusional təcrübə mübadiləsi və maarifləndirici təşəbbüslər üzrə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova görüşün təşkilinə və səmimi qəbula görə Qazaxıstan Respublikası Milli Bankının rəhbərliyinə təşəkkürünü bildirib. O qeyd edib ki, bu cür işgüzar təmaslar Türk dünyası çərçivəsində institusional əlaqələrin möhkəmlənməsinə və ortaq mədəni dəyərlərin qorunmasına mühüm töhfə verir.
Qazaxıstan Respublikası Milli Bankının sədr müavini Aliya Moldabekova isə Fondun mədəni diplomatiya sahəsində formalaşdırdığı əməkdaşlıq platformalarının və müxtəlif sahələri bir araya gətirməsininn xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşün yekununda tərəflər əməkdaşlığın gələcək mərhələlərinə dair ümumi baxış formalaşdırıb, qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələrin davam etdirilməsi və mümkün əməkdaşlıq mexanizmlərinin müəyyənləşdirilməsi barədə razılıq ifadə ediblər.