"Air Astana" Azərbaycana reyslərin tezliyini artıra bilər

"Air Astana" Azərbaycana reyslərin tezliyini artıra bilər

Bakı. TurkicWorld:

Qazaxıstanın ən böyük aviaşirkəti olan "Air Astana" iqtisadi cəhətdən məqsədəuyğun olarsa, Azərbaycana reyslərin tezliyini artıra bilər.

TurkicWorld bu barədə Trend-ə aviaşirkətdən bildiriblər.

"Aviaşirkət bu istiqamətdə uçuşlara tələbat dinamikasının inkişafını daima diqqətlə izləyir və iqtisadi cəhətdən məqsədəuyğun olarsa, reyslərin tezliyini artıra bilər", - deyə "Air Astana" şirkətindən bildiriblər.

Aviaşirkətdən qeyd edilib ki, 2023-cü ilin oktyabr ayından 2024-cü ilin mart ayınadək qış cədvəli dövründə "Air Astana" şirkətlər qrupu, o cümlədən, "FlyArystan" aviaşirkəti həftədə 7 dəfə Almatı, Astana və Aktau şəhərlərindən Azərbaycana reyslər həyata keçirir.

"Bunlardan iki reys Astana-Bakı-Astana istiqamətində, həftədə üç reys isə Aktau-Bakı-Aktau istiqamətində "FlyArystan" tərəfindən həyata keçirilir. Almatı-Bakı-Almatı istiqamətində "Air Astana" aviaşirkəti tərəfindən həftədə iki reys həyata keçirilir. Həmçinin, qeyd edək ki, 2023-cü ilin iyul ayından "Azal" aviaşirkəti ilə Almatı-Bakı-Almatı marşrutu üzrə kod-şerinq formatında tərəfdaşlıq haqqında kommersiya sazişi imzalanıb ki, bu da sərnişinlərin rahatlığı üçün marşrutun kombinasiya imkanlarını artırır",- deyə aviaşirkətdən əlavə ediblər.

Qeyd edək ki, "Air Astana" Qazaxıstanın ən böyük aviaşirkətidir və Almatı şəhərində yerləşir. "Air Astana" şirkətlər qrupuna, həmçinin, "FlyArystan" loukosteri daxildir.

Aviaşirkət 64 marşrut üzrə mütəmadi olaraq daxili və beynəlxalq reyslər həyata keçirir.