2 Avqust tarixində dünyada nələr baş verib?

2 Avqust tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

2 Avqust tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

Xüsusi günlər:

02/08/1875 - Londonda dünyanın ilk buz konkisürmə meydançası açılıb.

02/08/1898 - Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirib. Həmin gün Azərbaycanda milli kinonun yaranma günü sayılır.

Avqustun 2-si Azərbaycan Kinosu Günüdür. Ölkəmizdə kino işçilərinin peşə bayramı Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə təsis olunub. Azərbaycan kinosu, yaranmasının 125-ci ildönümünü qeyd edir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də I Dövlət Kinofabriki (kinostudiya) açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında lentə alınan “Qız qalası” bədii filmi olub.

1926-cı ildə Dövlət Kinofabriki “Azdövlətkino”, sonrakı illərdə “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası” və nəhayət, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən kinostudiya Cəfər Cabbarlının adını daşıyır. “Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub.

Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli sərəncamı milli kinonun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” icra olunub.

02/08/1914 - Osmanlı dövləti ilə Almaniya arasında əməkdaşlıq müqaviləsi imzalanıb və Osmanlı İmperatorluğunda səfərbərlik elan edilib.

02/08/1926 - Fransaya məxsus "Lotus" gəmisinin Türkiyə sularında Türkiyənin "Bozkurt" gəmisi ilə toqquşması nəticəsində gəmi batıb.

02/08/1939 - Türkiyə Ədliyyə Nazirliyi sirkulyar yayaraq açıq edamların olmayacağını bildirib.

02/08/1950 - Konya Jurnalistlər Cəmiyyəti qurulub.

02/08/1958 - Türkiyə tarixinin ən yüksək devalvasiyasını yaşayıb.

02/08/1959 - Diyarbəkirdə “Sinan I” neft quyusu istismara verilib.

02/08/1967 - Trabzonspor Klubu qurulub.

02/08/1987 - Türkiyədə ilk dəfə qan xərçəngi olan bir xəstəyə sümük iliyi transplantasiyası edilib.

02/08/2012 - Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu 75 ildən sonra Kərkükə gedən ilk türk xarici işlər naziri oldu.