Xınalıqlı İbrahimin ingilis dili təhsilinə Lingva Tədris Mərkəzi töhfə verəcək

Xınalıqlı İbrahimin ingilis dili təhsilinə Lingva Tədris Mərkəzi töhfə verəcək

Bakı. TurkicWorld:

Polşalı turistlə ingilis dilində sərbəst danışığı ilə sosial şəbəkələrdə gündəmdə olan Xınalıq məktəblisi İbrahim Zeynalovun ingilis dili təhsilinə Lingva Tədris Mərkəzi töhfə verəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə AzerPress-ə Lingva Tədris Mərkəzindən bildirilib.

Məlumatda qeyd olunur ki, İbrahim yaşı və dil öyrənmə imkanlarına görə Azərbaycanda bir çoxlarına örnək olacaq bir yeniyetmədir. 13 yaşı olmasına baxmayaraq, onun dili eşidib qavrama (listening), danışıq (speaking) qabiliyyətləri yetərincə inkişaf edib, sərbəst şəkildə hətta yaşı üçün qəliz mövzularda belə müzakirə aparmaq və söhbəti dəstəkləmək bacarığı var.

Self-learner (yəni özü öyrənən) olan İbrahimin ingilis dili öyrənməsi üçün əsas motivasiya aləti təbii ki, həvəsi və istəyidir. İbrahim yaşına baxmayaraq, artıq bu dilin onun gələcəyi üçün önəmi, uğurlu bir tələbə, yaxud işçi olması üçün əhəmiyyətini tam anlayıb. Təbii ki, məsuliyyəti və xarici dil öyrənilməsi üçün əsas səbəblərdən olan mütəmadilik və əzmkarlıq da öz töhfəsini verib.

İbrahimin dil öyrənməsinin sistematikliyini təmin etmək, eyni zamanda, ona gələcək təhsili ilə bağlı dəstək vermək missiyasını isə MÜSİAD Azərbaycan üzvlərindən biri – Lingva Training Center öz üzərinə götürüb. İbrahimin dəstəklənməsi planlarına həftəlik Social Activities in English dərsləri, aylıq mentorluq, o cümlədən, self-learner tədrisi üçün istiqamətlərin verilməsi, yay məktəbinin təşkili və onun Bakıdan olan şagirdlərlə onlayn görüşləri daxildir.

Qeyd edək ki, MÜSİAD Azərbaycan və MÜSİAD İngiltərə ingiliscə danışaraq məşhurlaşan Xınalıq kənd sakini 13 yaşlı İbrahim Zeynalovu İngiltərəyə oxumağa göndərəcək.

Zeynalovun sosial şəbəkələrdə Qubanın Xınalıq kəndində polşalı turistlə kənd haqqında maraqlı söhbəti yayılıb.

13 yaşlı İbrahim sinifdə "ingilis dili çempionu" olduğunu bildirib. O, Türkiyədə oxumaq istədiyini, orada dostunun yaşadığını da bildirib.