Bakı. TurkicWorld:
Mart ayının 17-də "Əczaçılar Klubu" İctimai Birliyinin orqanı olan " Avicenna" jurnalının ilk sayının təqdimat mərasimi keçirilib.
TurkicWorld-un məlumatına görə, təqdimatda "Əczaçılar Klubu" İB-nin sədri və " Avicenna" jurnalının baş redaktoru Şövqi Bunyatov qonaqlara jurnal haqqında məlumat verib.
O bildirib ki, 60 səhifədən ibarət olan "Avicenna" jurnalının ildə 4 dəfə nəşr edilməsi nəzərdə tutulub.
Jurnalda əsasən, səhiyyə, əczaçılıq və dərman sahəsinin mövcud vəziyyəti, həmçinin inkişafı ilə bağlı yazılar, Azərbaycanda və xaricdə fəaliyyət göstərən əczaçılara aid yazılar, məqalə və müsahibələrlər yanaşı həmçinin şəhid övladlarının, Qarabağ qazilərinin və Azərbaycan Tİbb Universitetinin Əczaçılıq fakültəsinin tələbələrinə də yer ayrılıb.
"Bizimlə yazmağa varmısınız"? rubrikası da məhz bu baxımdan yaradılıb.
Bundan başqa, jurnalda 44 günlük Qarabağ müharibəsində iştirak etmiş həkim və əczaçılardan götürülmüş müsahibələrlə tanış olmaq mümkündür.
Qeyd edək ki, Jurnalda Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə, "Əczaçılar Klubu" İB-nin iştirakı ilə yaradılmış "Qardaş Köməyi" Platformu haqqında məlumatlar da yerləşdirilib.
Təqdimat mərasimində əczaçılar,həkimlər, tələbələr, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.