Azad olunmuş ərazilərdə minatəmizləmə prosesinə kömək təkliflərinə açığıq - Aydın Kərimov

Azad olunmuş ərazilərdə minatəmizləmə prosesinə kömək təkliflərinə açığıq - Aydın Kərimov

Şuşa. TurkicWorld:

Azərbaycan işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üzrə mühüm addımlar atmaqdadır.

TurkicWorld-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) potensialının artırılmasına dəstək" layihəsinin açılışında deyib.

Onun sözlərinə görə, ölkə bu prosesin dəstəklənməsinə yönəlmiş bütün təkliflərə açıqdır.

"Ərazilərimiz işğaldan azad olundan etibarən orada minatəmizləmə işlərinə başlamışıq. Paralel olaraq enerji şəbəkəsinin və digər sosial əhəmiyyətli obyektlərin inşasına və yaradılmasına başlamışıq. Şuşa ölkəmizin ayrılmaz tərkib hissəsidir və onun tezliklə bərpası istiqamətində lazımi bütün tədbirləri görməyə davam edirik", - o deyib.

A.Kərimov həmçinin Şuşada iki mindən çox tarixi əhəmiyyətli obyektin olduğunu və hamısının bərpa olunacağını vurğulayıb. "Şuşa eyni zamanda böyük turizm potensialına malikdir və biz artıq zəruri infrastrukturun yaradılmasına başlamışıq. Xüsusilə 5 ulduzlu hotelin və digər obyektlərin tikintisi aparılır", - xüsusi nümayəndə bildirib.

Prezidentin xüsusi nümayəndəsi Şuşa şəhərinin baş planında kommersiya, ticari, sosial və digər müasir şəhər infrastrukturunun əks olunduğunu qeyd edib.