Bakı,TurkicWorld
Noyabrın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “İnnovativ İnkişafa Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “Tədqiqat məktəbi: Gənc Alimlər üçün Beynəlxalq Akademik Mentorluq və Tədqiqat Proqramı” layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun mütəxəssisi Reyhanə Musayeva, “İnnovativ İnkişafa Dəstək” İctimai Birliyinin rəhbərliyi, layihə komandası, təlimçilər və layihə iştirakçıkarı olan gənc tədqiqatçılar iştirak ediblər.
Bağlanış mərasimində layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər, təşkil olunan təlim və mentorluq sessiyaları, eləcə də iştirakçıların əldə etdikləri elmi nəticələr təqdim olunub.
“İnnovativ İnkişafa Dəstək” İctimai Birliyinin rəhbəri Hümmət Əliyev və layihə rəhbəri Aynur Quliyeva çıxışlarında proqramın əhəmiyyətindən, gənc tədqiqatçıların akademik potensialının inkişafına və beynəlxalq elmi mühitə inteqrasiyasına verdiyi töhfədən bəhs ediblər. Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun mütəxəssisi Reyhanə Musayeva isə bu kimi təşəbbüslərin elmi fəaliyyətin təşviqi və gənc tədqiqatçıların peşəkar inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Layihənin təlimçiləri Rasim Həsənzadə və Abdulla Xanayev proqramın icrası, təlimlərin məzmunu, mentorluq fəaliyyəti və əldə olunan nəticələr barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, layihəyə 647 müraciət daxil olub və seçim mərhələsindən sonra 35 gənc tədqiqatçı proqramda iştirak hüququ qazanıb. Rasim Həsənzadə, Murad Əliyev və Abdulla Xanayev tərəfindən keçirilən məşğələlərdə tədqiqat probleminin və suallarının müəyyənləşdirilməsi, ədəbiyyat icmalı, kəmiyyət və keyfiyyət tədqiqat dizaynları, nümunə seçimi, məlumatların toplanması və təhlili, akademik etika, elmi məqalə və tədqiqat hesabatının hazırlanması kimi mövzular əhatə olunub.
Proqramın beynəlxalq mentorluq komponenti çərçivəsində Türkiyə, BƏƏ, ABŞ və Çində fəaliyyət göstərən universitetlərdən tanınmış tədqiqatçı-müəllimlər cəlb edilib. Hacettepe Universitetinin professoru Selahattin Gelbal və dosenti Salih Bardakçı, Marmara Universitetinin professoru Meral Balcı, Karabük Universitetinin professoru Ali Asker, Sivas Cümhuriyyət Universitetindən Ali Çiçek və Çjetszyan Beynəlxalq Araşdırmalar Universitetindən Vəfa Əsgərova gənc tədqiqatçılarla öz elmi və peşəkar təcrübələrini bölüşüblər.
Layihə çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə beş ustad dərsi keçirilib. Sessiyalarda beynəlxalq akademik nəşrlərə hazırlıq, Scopus və Web of Science bazalarında indekslənən jurnallarda dərc strategiyaları, elmi tədqiqatlarda ölçmə alətlərinin hazırlanması, yüksək reytinqli jurnallar üçün məqalə yazılması və akademik dürüstlük məsələləri müzakirə olunub. Ustad dərslərində ümumilikdə altı xarici ekspert iştirak edib.
Layihənin mühüm nəticələrindən biri də gənc tədqiqatçılar üçün “Akademik yazı bələdçisi”nin hazırlanması və nəşridir. Rasim Həsənzadə, Murad Əliyev və Abdulla Xanayevin müəllifi olduğu kitab 100 nüsxə tirajla çap olunan bələdçidə tədqiqatın planlaşdırılması, ədəbiyyat icmalı, tədqiqat dizaynı, məlumatların toplanması və təhlili, elmi hesabatların və məqalələrin hazırlanması, eləcə də jurnallara müraciət qaydaları əhatə edilib.
Yekun hesabatda proqram iştirakçılarının layihə müddətində ümumilikdə 28 elmi iş hazırladığı qeyd olunub. Bu işlərə səkkiz jurnal məqaləsi, bir elmi məcmuə məqaləsi, 16 konfrans materialı və üç kitab bölməsi daxildir. Elmi işlər psixologiya və rifah, süni intellekt və təhsil, təhsil idarəçiliyi, enerji, geosiyasət, tarix, ekologiya və iqtisadiyyat kimi müxtəlif istiqamətləri əhatə edir.
Bununla yanaşı, layihə ilə birbaşa əlaqəli beş elmi məqalə yüksək impakt faktorlu beynəlxalq jurnallara təqdim edilib. Həmin tədqiqatlar Azərbaycanda subyektiv canlılıq şkalasının uyğunlaşdırılması və psixometrik qiymətləndirilməsi, gənclərin türk dünyası kimliyinə dair qavrayışları, müəllimlərin generativ süni intellektdən istifadəsinin ölçülməsi və Azərbaycan universitetlərində rəqəmsal transformasiya kimi aktual mövzulara həsr olunub. Hazırda məqalələr üzrə elmi rəy və redaktə prosesi davam edir.
Bağlanış mərasimində layihənin əldə etdiyi nəticələrin davamlılığının təmin edilməsi, beynəlxalq mentorlarla elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların aparılması və hazırlanmış akademik yazı bələdçisinin daha geniş tədqiqatçı auditoriyasına çatdırılması gələcək fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.
Tədbirin sonunda proqramı uğurla başa vuran gənc tədqiqatçılara sertifikatlar təqdim olunub və xatirə fotosu çəkdirilib.




