Bakı,TurkicWorld
Azərbaycanın Baş prokuroru Kamran Əliyev Maldiv Respublikasının Korrupsiyaya Qarşı Komissiyasının sədri Adam Şamil və Misir Ərəb Respublikasının İnzibati Nəzarət Orqanının sədri Əmr Adel Hosni ilə ayrı-ayrılıqda görüşüb.
Baş Prokurorluğun məlumatına görə, görüşlər oktyabrın 27–28-də Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində baş tutub.
Kamran Əliyev görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən hüquqi və institusional islahatlar, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiyaya qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsi və korrupsiya risklərinin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Misirin İnzibati Nəzarət Orqanının sədri ilə görüşdə Azərbaycan-Misir münasibətlərinin tarixi dostluq və qarşılıqlı hörmətə əsaslandığı vurğulanıb. Prezident İlham Əliyevin 2024-cü il iyunun 8-də Misirə rəsmi səfəri çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşünə istinad edilərək, iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun, həmçinin BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Tərəflər Azərbaycan Baş Prokurorluğu, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Misirin İnzibati Nəzarət Orqanı arasında əlaqələrin genişləndirilməsi, korrupsiya hüquqpozmalarının qarşısının alınması, aşkarlanması və araşdırılması sahəsində təcrübə mübadiləsi, eləcə də səmərəli nəzarət mexanizmlərinin tətbiqini müzakirə ediblər.
Maldivin Korrupsiyaya Qarşı Komissiyasının sədri ilə görüşdə isə Azərbaycan və Maldiv arasında diplomatik münasibətlərin 1994-cü ildə qurulduğu qeyd olunub, siyasi dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb. Maldiv Prezidenti Məhəmməd Muizzunun COP29 çərçivəsində Azərbaycana səfəri və tədbirdə iştirakı xatırlanıb.
Tərəflər korrupsiya hüquqpozmalarının qarşısının alınması və aşkar edilməsi, məlumat mübadiləsinin genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və beynəlxalq hüquqi əməkdaşlığın səmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər.
Baş prokuror Komissiya üzvünün 2025-ci ilin mayında Bakıda keçirilmiş GlobE Şəbəkəsinin Altıncı Plenar İclasında və İdarəetmə Komitəsinin 10-cu iclasında iştirakını xatırladaraq, bu platformaların beynəlxalq antikorrupsiya əməkdaşlığındakı rolunu qeyd edib.
Hər iki görüşdə antikorrupsiya sahəsində institusional əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər müvafiq qurumlar arasında əməkdaşlığın gələcək inkişafına qarşılıqlı maraq ifadə ediblər.