Azərbaycan Türkiyə DOST Agentliyi Bakı DOST Mərkəzi DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi DOST konsepsiyası DOST Mərkəzi

Türkiyə nümayəndə heyəti Azərbaycanın DOST modelinin fəaliyyəti ilə tanış olub

BAKI,TurkicWorld

Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertemin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyini ziyarət edib. Səfər çərçivəsində qonaqlara DOST konsepsiyası, sosial xidmətlərin göstərilməsi mexanizmi və tətbiq edilən yeniliklər barədə məlumat verilib.

TurkicWorld xəbər verir ki, Türkiyə nümayəndə heyəti əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində olub. Qonaqlar burada əhaliyə təqdim edilən xidmətlər və mərkəzin fəaliyyət prinsipləri ilə yaxından tanış olublar.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov nümayəndə heyətinə DOST mərkəzlərinin fəaliyyəti barədə məlumat verib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST konsepsiyasının üstünlükləri və dövlət sosial xidmətləri sahəsinə gətirdiyi yeniliklər diqqətə çatdırılıb.

Görüş zamanı DOST xidmətlərinə dair təqdimat keçirilib, vətəndaşlara sosial xidmətlərin daha əlçatan və müasir formada təqdim edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Türkiyə nümayəndə heyəti daha sonra DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib. Mərkəzin direktoru Elnarə Ənsari qonaqlara həssas qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib.

Nümayəndə heyəti Mərkəzin əsas fəaliyyət istiqamətləri, burada yaradılmış şərait və yaradıcılıq prosesi ilə tanış olub. Ziyarət zamanı təlimçi və benefisiarların ifasında musiqi nömrələri təqdim edilib, həmçinin onların hazırladıqları əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Qonaqlar həssas qruplara aid şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi, məşğulluğunun dəstəklənməsi, onlar üçün bərabər imkanların yaradılması və sosial inteqrasiyanın təşviqi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

Səfərin sonunda Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertem DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin xatirə kitabına təəssüratlarını və ürək sözlərini yazıb.

Mövzuya görə xəbərlər