BAKI,TurkicWorld
Məhkəmə ekspertizasının iclasdan kənar, tədqiqat obyektinin olduğu yerdə keçirilməsi mümkün olacaq.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, rəy vermək zəruri olduqda məhkəmə eksperti tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılmasının təşkil edilməsini məhkəmədən xahiş etmək hüquqlarına malik olacaq.
Tədqiqatın xarakterindən asılı olaraq zəruridirsə, ekspertiza məhkəmə iclasında keçirilə bilər. Tədqiqat aparmaq üçün materialları məhkəmə iclasına və ya ekspertiza idarəsinə gətirmək mümkün deyilsə, habelə çətinlik yaradırsa, ekspertiza məhkəmə iclasından kənar (tədqiqat obyektinin olduğu yerdə) keçirilə biləcək.
İşdə iştirak edən şəxslərin tədqiqat obyektinin olduğu yerdə tədqiqatın aparılmasında iştirak etməməsi tədqiqatın dayandırılması və ya təkrarlanması üçün əsas olmayacaq.
Tədqiqat obyektinin olduğu yerdə ekspertiza aparılan zaman məhkəmə tərəfindən ekspertin, tədqiqata cəlb edilmiş mütəxəssisin, işdə iştirak edən şəxslərin tədqiqat obyektinin yerləşdiyi əraziyə daxil olması, tədqiqatın aparılması təmin ediləcək.
Qərardadda fiziki xüsusiyyətlərinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilməsi mümkün olmayan tədqiqat obyektlərinin ekspertə poçt vasitəsilə və ya bilavasitə təqdim ediləcəyi barədə qeyd göstəriləcək.
Ekspert müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə elektron qaydada göndərilməsi mümkün olmayan tədqiqat obyektləri məhkəmə ekspertizası idarəsinə təqdim edildiyi gündən 1 aydan gec olmayaraq yazılı formada rəy verəcək, onu öz imzası ilə təsdiq edəcək və dərhal məhkəməyə göndərəcək.
Ekspert rəy verilməsi üçün tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılmasına zərurət olduğunu müəyyən etdikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə elektron qaydada göndərilməsi mümkün olmayan tədqiqat obyektləri məhkəmə ekspertizası idarələrinə təqdim edildiyi vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərəcək. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstəriləcək.
Məhkəmə tərəfindən ekspertin həmin vəsatətinə 3 gün müddətində baxılacaq və tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılmasının təşkil edilməsi müəyyən vaxt tələb etdikdə məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat verilməklə 1 ay və 10 günlük müddətlər uzadılacaq.
Cinayət-Prosessual Məcəlləsdə dəyişiklik edilməsi barədə qanun layihəsi
Qanun layihəsinə əsasən, hadisə yerində və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılan zaman müstəntiq ekspertin, tədqiqata cəlb edilmiş mütəxəssisin və cinayət prosesinin iştirakçılarının hadisə yerinə və ya tədqiqat obyektinin yerləşdiyi əraziyə daxil olmasını, tədqiqatın aparılmasını təmin edəcək.
Məhkəmə baxışında təyin edilən ekspertizanın aparılması zamanı məhkəmə ekspertin, tədqiqata cəlb edilmiş mütəxəssisin və cinayət prosesinin iştirakçılarının hadisə yerinə və ya tədqiqat obyektinin yerləşdiyi əraziyə daxil olmasını, tədqiqatın aparılmasını təmin edəcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə elektron qaydada göndərilməsi mümkün olmayan tədqiqat obyektləri ekspertə təqdim edildiyi vaxtdan 1 aydan gec olmayaraq ekspert zəruri tədqiqatlar aparacaq, yazılı rəy tərtib edəcək, onu öz imzası ilə təsdiq edəcək və dərhal ekspertizanı təyin etmiş şəxsə və ya müdafiə tərəfinə göndərəcək.
Ekspert rəyi elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə göndərildikdə ekspert rəyinə əlavə edilməsi mümkün olmayan maddi sübutlar, nümunələr, digər materiallar, habelə fotoşəkillər, sxemlər, cədvəllər poçt vasitəsilə və ya bilavasitə təqdim olunmalıdır.
Elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə göndərilən ekspert rəyləri təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq ediləcək.







