BAKI,TurkicWorld
Mərhum müəlliflər İsmayıl Raci Faruqi və Luis Ləmya Faruqinin qələmə aldıqları fundamental “İslam mədəniyyəti atlası” Azərbaycan dilində nəşr olunub. 672 səhifədən ibarət əsər İslam mədəniyyəti və sivilizasiyasına dair ensiklopedik nəşr kimi təqdim edilir.
TurkicWorld xəbər verir ki, “İslam mədəniyyəti atlası” İslam mədəniyyəti və sivilizasiyasının zəngin irsini vahid atlas çərçivəsində sistemli şəkildə təqdim edir. Əsərdə İslam dünyagörüşü, etiqad sistemi, ənənələr, ictimai institutlar və tarixi inkişaf prosesi geniş elmi əsaslarla araşdırılır.
Zəngin xəritələr, illüstrasiyalar və cədvəllərlə müşayiət olunan nəşrdə müsəlman dünyasında ibadət həyatı, elm, incəsənət, hüquq, fəlsəfə, memarlıq və siyasət kimi sahələrin İslam mədəniyyəti və sivilizasiyasının formalaşmasındakı yeri təhlil edilir.
Müəlliflər əsərdə İslam sivilizasiyasının tarixi köklərini də araşdıraraq ərəblərin, Mesopotamiya xalqlarının, kənanilərin, yəhudilərin və digər qədim sivilizasiyaların təsirlərini müqayisəli şəkildə nəzərdən keçiriblər.
Kitabda, həmçinin İslamın müxtəlif etnik və mədəni cəmiyyətləri vahid etiqad, ortaq dəyərlər sistemi və ümumi sivilizasiya modeli ətrafında birləşdirməsi elmi faktlar və araşdırmalar əsasında təqdim olunur.
Klassik və müasir elmi araşdırmaları bir araya gətirən əsərdə İslam öz daxili məntiqi və dünyagörüşü çərçivəsində öyrənilir. Müəlliflər Qərb elmi ədəbiyyatında diqqətdən kənarda qaldığını və ya təhrif edildiyini düşündükləri bir sıra məsələlərə də aydınlıq gətirməyə çalışıblar.
Bu baxımdan “İslam mədəniyyəti atlası” İslam sivilizasiyasının tarixi və mədəni inkişafını araşdıran alim və tədqiqatçılarla yanaşı, din, tarix, mədəniyyət və sivilizasiya məsələləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş elmi mənbədir.
Azərbaycan dilində nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevadır. Kitabın tərcüməçisi, redaktoru və şərhlərin müəllifi isə dosent Elvüsal Məmmədovdur.
