BAKI,TurkicWorld
Azərbaycan Banklar Assosiasiyası (ABA) ödəniş kartlarının sayı ilə bağlı yaranan suallara aydınlıq gətirib və banklarda kartların təqdim olunması ilə bağlı tətbiq edilən risk əsaslı yanaşma barədə məlumat verib.
TurkicWorld xəbər verir ki, ABA-nın açıqlamasında bildirilib ki, yeni yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial ödənişlər üçün nəzərdə tutulan kartlar, sahibkarlıq hesablarına bağlı kartlar və depozit hesablarına bağlı ödəniş kartları bu qaydadan istisna edilir.
Məlumata görə, digər hallarda hər bir bankda eyni məhsul üzrə bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur.
ABA qeyd edib ki, müştəri kartdan istifadə məqsədini əsaslandırdıqda, həyata keçirilən əməliyyatlar bankda mövcud məlumatlarla uyğun olduqda və kartın qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandıqda banklar əlavə kartların təqdim edilməsini təmin edə bilərlər.
Assosiasiyanın açıqlamasında vurğulanıb ki, bu yanaşmanın məqsədi vətəndaşların ödəniş xidmətlərindən istifadəsini məhdudlaşdırmaq deyil.
Bildirilib ki, əsas məqsəd risklərin daha səmərəli idarə olunması, ödəniş sistemlərinin təhlükəsizliyinin artırılması və sağlam maliyyə ekosisteminin formalaşdırılmasıdır.




