BAKI,TurkicWorld Orxan Qədirzadə
Təhsil Tələbə Krediti Fondu (TTKF) 2026-2027-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditləri üçün müraciətlərin qəbuluna başlayır.
Fonddan verilən məlumata görə, müraciətlər 3 avqust 2026-cı il tarixindən etibarən e-ttkf.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
Yeni müraciət dövründə Dövlət İmtahan Mərkəzinin 2026-2027-ci tədris ili üzrə qəbul müsabiqəsinin nəticələrinə əsasən ali təhsilin magistratura səviyyəsinə qəbul olunan tələbələr, həmçinin ali, orta ixtisas və peşə təhsili müəssisələrinin ikinci və daha yuxarı kurslarında təhsil alan tələbələr sosial və ya standart təhsil tələbə krediti üçün müraciət edə bilərlər.
Bakalavriat səviyyəsinə yeni qəbul olunan tələbələr üçün müraciət prosesi isə ixtisas seçimi başa çatdıqdan sonra açılacaq.
Magistrlar paralel müraciət edə biləcək
Magistratura səviyyəsinə qəbul olunan tələbələr tələbə qeydiyyatı prosesini portal.edu.az üzərindən həyata keçirərkən eyni zamanda e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciət təqdim edə biləcəklər.
Fondun qaydalarına əsasən, standart təhsil tələbə kreditindən yararlanmaq üçün birinci tədris ilinin ilk semestri üzrə müəyyən minimal qəbul göstəriciləri tətbiq olunur.
Bu göstəricilər aşağıdakı kimidir:
Subbakalavr səviyyəsi üzrə: 110 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 40 bal;
Bakalavriat səviyyəsi üzrə: 250 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 100 bal;
Magistratura səviyyəsi üzrə: 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 30 bal;
SAT nəticələri ilə qəbul olunanlar üçün: minimum 1200 bal;
Texniki peşə və yüksək texniki peşə təhsili üzrə: attestatda müvafiq fənlər üzrə yekun qiymətlərin ədədi ortası minimum 3.
Sosial kreditlər üçün bal tələbi yoxdur
Qeyd olunur ki, minimal qəbul göstəriciləri yalnız standart təhsil tələbə kreditlərinə aiddir.
Sosial təhsil tələbə kreditlərindən yararlanmaq istəyən tələbələr üçün isə minimal qəbul balı müəyyən edilməyib.
2026-2027-ci tədris ili üzrə bakalavriat və subbakalavr səviyyələrinə yeni qəbul olunan tələbələr ixtisas seçimini tamamladıqdan sonra təhsil müəssisəsində qeydiyyat zamanı paralel şəkildə e-ttkf.edu.az portalı üzərindən müraciətlərini təqdim edə biləcəklər.
Tələbələr təhsil tələbə krediti üçün qeydiyyatdan www.e-ttkf.edu.az ünvanı vasitəsilə keçə bilərlər.



