Son dəqiqə

Azərbaycan Medianın İnkişafı Agentliyi Qanun layihəsi Sosial Şəbəkə ictimai müzakirə uşaqların təhlükəsizliyi rəqəmsal mühit fərdi məlumatlar

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

BAKI,TurkicWorld

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

TurkicWorld xəbər verir ki, müzakirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və ekspertlər iştirak ediblər.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd ismayılov bildirib ki, erkən yaşda sosial şəbəkələrdən istifadə yetkinlik yaşına çatmayan şəxslərdə bullinq, rəqəmsal asılılıq, psixoloji travmalar və transmilli xarakterli təsirlərə məruz qalma riskini kəskin şəkildə artırır.

İcraçı direktor qeyd edib ki, Azərbaycan dövləti tərəfindən uzun illərdir uğurla həyata keçirilən güclü ailə və uşaq siyasətinin, eləcə də milli-mənəvi dəyərlərin qorunması strategiyasının hüquqi mexanizmlərlə rəqəmsal mühitə də inteqrasiya olunması artıq subyektiv istək deyil, obyektiv və qaçılmaz bir zərurətdir:

“Biz bu qanun layihəsini dəyərləndirərkən iki əsas fundamental meyarı — qabaqcıl beynəlxalq təcrübəni və rəqəmsal medianın inkişaf tendensiyalarını — rəhbər tutmalıyıq.

Təklif olunan layihə qabaqcıl dünya praktikasında mövcud olan hüquqi tənzimləmə mexanizmləri ilə tam uyğunluq təşkil edir və beynəlxalq standartlara cavab verir.

Bu dəyişikliklər yalnız sanksiyalar toplusu deyil, ilk növbədə rəqəmsal məkanda təhlükəsiz, şəffaf və səmərəli ekosistemin formalaşdırılmasına xidmət edir.

Biz bu qanun layihəsini internet provayderlərinin və rəqəmsal platformaların uşaqların mənəvi formalaşmasında və intellektual inkişafında dövlət və cəmiyyət qarşısında sosial və hüquqi məsuliyyət daşımasını təmin edən bir mexanizm kimi qiymətləndiririk”.

Ə.İsmayılov vurğulayıb ki, bu, vətəndaşları rəqəmsal təhlükələrdən, hibrid informasiya təsirlərindən və müxtəlif risklərdən qorumağa yönəlmiş mühüm bir yanaşmadır. Məsələ media etikası, hüquq və jurnalistika peşəkarlığı prizmasında xüsusi əhəmiyyət daşıyır və layihənin konseptual baxımdan mühüm bir referens olduğunu qeyd etmək lazımdır:

“Birincisi, layihədə yaş yoxlaması məqsədilə toplanan fərdi məlumatların sistemdə saxlanılması və ya reklam məqsədləri üçün üçüncü tərəflərə ötürülməsi qəti şəkildə qadağan edilir. Bu, müasir rəqəmsal etika və beynəlxalq məxfilik hüququnun əsas tələblərindəndir. Bu norma açıq şəkildə göstərir ki, uşaqların şəxsi məlumatları rəqəmsal korporasiyaların kommersiya maraqlarına çevrilə bilməz. Hüquqi tənzimləmə mexanizmi uşaqların profilaktik müdafiəsini təmin edən etibarlı bir sipər rolunu oynayacaqdır.

İkincisi, yetkinlik yaşına çatmayan şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında, uşaqlıq və yeniyetməlik dövründə rəqəmsal platformalarda paylaşılan məlumatların tamamilə və birdəfəlik silinməsi hüququ nəzərdə tutulur. Bu, şəxsin gələcək onlayn reputasiyasını qoruyan mühüm etik və hüquqi təminatdır. Bu yanaşma keçmişdə edilmiş rəqəmsal davranışların gələcəkdə şəxsin qarşısına maneə və ya təhdid kimi çıxmasının qarşısını alır.

Bununla yanaşı, qanunun qəbulundan sonra cəmiyyətdə, xüsusilə təhsil müəssisələrində, valideynlər və müəllimlər arasında geniş rəqəmsal maarifləndirmə kampaniyalarının aparılması onun effektivliyini əhəmiyyətli dərəcədə artıracaqdır. Çünki ən mükəmməl qanun belə rəqəmsal savadlılıq və valideyn nəzarəti olmadan tam nəticə vermir”.

O qeyd edib ki, bu qanun layihəsi uşaqları rəqəmsal dünyanın mənfi təsirlərindən qorumaq üçün daha sağlam və təhlükəsiz bir mühit formalaşdırmağa xidmət edir.

“Təklif olunan dəyişikliklər həm universal etik normalara, həm milli maraqlara, həm də qabaqcıl beynəlxalq hüquq standartlarına tam uyğundur.

Hesab edirik ki, bu addım milli informasiya mühitinin sağlamlaşdırılmasına və gələcək nəsillərin qorunmasına mühüm töhfə verəcək”, - deyə o fikrini yekunlaşdırıb.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə isə deyib ki, Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

O bildirib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqların müxtəlif platformalarda yaşlarına uyğun olmayan məzmunlarla qarşılaşma riskini artırıb. Bu baxımdan uşaqların psixoloji və mənəvi inkişafına mənfi təsir göstərə biləcək informasiyaların məhdudlaşdırılması vacibdir.

“Bu istiqamətdə tədbirlər dünyanın bir çox ölkələrində həyata keçirilir. Onun sözlərinə görə, Avstraliya və Fransa kimi ölkələrdə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasına yönəlmiş qanunvericilik təşəbbüsləri qəbul edilib. Qanunvericilik dəyişiklikləri ilə yanaşı, valideynlər, müəllimlər və uşaqlar üçün maarifləndirmə proqramlarının həyata keçirilməsi də nəzərdə tutulur. O əlavə edib ki, dövlət qurumları, təhsil müəssisələri və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə bu sahədə geniş maarifləndirmə tədbirləri təşkil olunacaq”.

Milli Kiber Təhlükəsizlik Agentliyində sektor müdiri Həvva Hüseynli isə qeyd edib ki, 16 yaşadək uşaqlara sosial şəbəkələrdə məhdudiyyət tətbiq edilməsini nəzərdə tutan qanun layihəsində bütün internet platformalarına deyil, əsasən kütləvi məzmun paylaşımı və geniş kommunikasiya imkanları təqdim edən sosial media platformalarına tətbiq olunacaq.

Onun sözlərinə görə, qanun layihəsində təhsil, səhiyyə və digər faydalı fəaliyyətlər üçün istifadə olunan platformaların məhdudlaşdırılması nəzərdə tutulmur.

“Hazırda söhbət yaş məhdudiyyətinin tətbiq ediləcəyi sosial şəbəkə platformalarının müəyyənləşdirilməsindən gedir. Bu siyahı müvafiq dövlət qurumları tərəfindən formalaşdırılacaq. Uşaqların asudə vaxtlarını səmərəli keçirməsinə xidmət edən, təhsil, səhiyyə və digər peşəkar fəaliyyətlər üçün nəzərdə tutulan platformalarla bağlı hər hansı məhdudlaşdırıcı tədbir nəzərdə tutulmur”, - deyə H.Hüseynli bildirib.

O qeyd edib ki, qanun layihəsinin əsas hədəfi kütləvi məzmun paylaşımını və geniş auditoriyalar arasında ünsiyyəti təmin edən sosial media platformalarıdır.

Sektor müdiri vurğulayıb ki, məqsəd uşaqların təhsil və inkişaf imkanlarını məhdudlaşdırmaq deyil, onların rəqəmsal mühitdə təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməkdir.

Müzakirələr zamanı qanun layihəsində nəzərdə tutulan yeniliklər və onların tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər