Son dəqiqə

Azərbaycan Gürcüstan Bakı Dövlət Miqrasiya Xidməti DMX

Bakı–Tbilisi–Bakı reysləri ilə bağlı əcnəbilərə müraciət edilib

BAKI,TurkicWorld

Azərbaycan vətəndaşları, eləcə də Azərbaycana vizasız gəlmək hüququ olan xarici ölkə vətəndaşları Bakı–Tbilisi–Bakı marşrutu üzrə dəmiryol nəqliyyatı vasitəsilə giriş-çıxış edə bilərlər.

TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) vətəndaşlara müraciətində qeyd olunub.

Məlumata görə, ölkəyə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərinə riayət etməlidirlər.

Bildirilir ki, qanunvericiliyə əsasən, ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. Viza tələb olunmayan qaydada Azərbaycana gələn şəxslərin ölkədə müvəqqəti qalma müddəti beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla 90 gündən artıq ola bilməz. Rusiya Federasiyası vətəndaşları üçün isə bu müddət bir təqvim ili ərzində 90 gün müəyyən edilib.

Sərnişinlərin rahatlığının təmin olunması və əlavə prosedurlar səbəbindən yarana biləcək gecikmələrin qarşısının alınması məqsədilə miqrasiya qanunvericiliyinin tələblərini pozması ehtimal edilən şəxslər ölkədən çıxışadək regional miqrasiya baş idarələrinə, "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən "miqrasiya xidmətləri" pəncərələrinə müraciət edə bilərlər.

Həmçinin, xidmətin rəsmi internet səhifəsinin "Elektron xidmətlər" bölməsi vasitəsilə miqrasiya qanunvericiliyinin pozulmasına görə tətbiq edilən məhdudiyyətlər barədə məlumat əldə etmək mümkündür.

Qeyd olunub ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarın dayanacağı Böyük Kəsik dəmir yolu stansiyasında Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti təmin edilib. Qatarın stansiyada dayandığı müddətdə xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə miqrasiya xidmətləri operativ qaydada göstərilir.

Əlavə məlumat üçün vətəndaşlar Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına və ya [[email protected]](mailto:[email protected]) elektron poçt ünvanına müraciət edə bilərlər.

Mövzuya görə xəbərlər