İran İran-Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ramin Məmmədov İran Azərbaycan münasibətləri

Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb

BAKI. TurkicWorld

Aprelin 23-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

TurkicWorld xəbər verir ki,görüşdə Azərbaycan ilə İran arasında dini sahədə əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin inkişaf perspektivləri və regionda dini sabitliyin qorunmasının əhəmiyyəti müzakirə olunub.

Ramin Məmmədov ölkəmizdə mənəvi dəyərlərin qorunması və inkişafına dövlət tərəfindən göstərilən xüsusi qayğını vurğulayaraq bildirib ki, Azərbaycanda dini-mənəvi irsin yaşadılması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Səfir Müctəba Dəmirçilu İran ilə Azərbaycan arasında tarixi, dini və mədəni bağların mövcudluğunu vurğulayaraq, bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, son dövrlərdə baş verən hadisələr zamanı ölkəmizin nümayiş etdirdiyi mövqeyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib. Azərbaycan dövləti tərəfindən edilən humanitar yardımların və göstərilən mənəvi dəstəyin xüsusi əhəmiyyətə malik olduğunu, yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüş zamanı həmçinin, dini-elmi tədqiqatlar üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər