BAKI,TurkicWorld
Mediasiya Şurası İntizam Komissiyasının sədr müavini, Bakı 22 saylı Mediasiya təşkilatının təsisçisi Orxan Mahmudovun müəllifi olduğu “Mediasiya: 100 sual / 100 cavab” adlı kitabın ictimai təqdimatı keçirilib.
TurkicWorld xəbər verir ki, təqdimat mərasimində Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova, İntizam Komissiyasının sədri Mayıl Bayramov, mediasiya təşkilatları direktorları, mediatorlar və vəkillər iştirak edib.
Çıxış edənlər mediasiya sahəsində elmi-nəzəri vəsaitlərin bu sahənin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini, müxtəlif auditoriyaların istifadə edə biləcəyi bu yeni kitabın mediasiya sahəsindəki əsas suallara cavab olacağını vurğulayıblar.
Orxan Mahmudov isə çıxışı zamanı kitabın mediasiya sahəsində əsas anlayışlar, mediasiya proseslərinin gedişatı, mediasiya sessiyalarının vacibliyi, mediatorların vəzifə öhdəlikləri, əsas peşə xüsusiyyətləri və ümumilikdə mediasiya sahəsi ilə bağlı 100 sualın hüquqi əsaslı cavabını özündə əks etdirdiyini bildirib.
Qeyd edək ki, kitab Azərbaycan Respublikası Mediasiya Şurası, Bakı 22 saylı mediasiya təşkilatı və Türk Dünyası Arabulucular Birliği'nin dəstəyi ilə nəşr olunub.







