BAKI,TurkicWorld
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanına əsasən Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi cari ilin aprel ayından başlayaraq dövlət şirkətlərinin və publik hüquqi şəxslərin büdcə layihələri və proqnozlarının, həmçinin büdcələrinin monitorinqini həyata keçirəcək və icra göstəricilərini təhlil edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bu məqsədlə Maliyyə Nazirliyinin Kollegiya Qərarı ilə dövlət şirkətlərinin və publik hüquqi şəxslərin Nazirliyə təqdim edəcəkləri məlumat və hesabatların formaları təsdiq edilib. Dövlət şirkətləri və publik hüquqi şəxslər həmin formalar əsasında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə büdcə göstəricilərini, aylıq, rüblük maliyyə hesabatlarını və illik proqnoz məlumatlarını təqdim etməlidirlər.
Təqdim olunan sənədlərin monitorinqi zamanı dövlət müəssisələrinin büdcə parametrləri ilə icra vəziyyəti, ayrı-ayrılıqda fəaliyyət sahələri və tabe olduqları qurumlar üzrə maliyyə məlumatları, xərclərinin funksiya və xarakterinə görə göstəriciləri yoxlanılacaq. Eyni zamanda, beynəlxalq maliyyə təşkilatlarının qabaqcıl qiymətləndirmə alətləri vasitəsilə dövlət müəssisələri üzrə səmərəlilik göstəriciləri, aşkarlanmış fiskal risklərin digər müəssisələrə və dövlət maliyyəsinə, o cümlədən dövlət büdcəsi, büdcədənkənar dövlət fondları və dövlət borcuna mümkün təsirləri təhlil olunacaq.
Maliyyə Nazirliyi həmin monitorinq və təhlillərin nəticələri barədə rübdə bir dəfə olmaqla dövlət başçısına hesabat verəcək.
Bununla da dövlət müəssisələrində mənfəətliliyinin artırılması, uçot və hesabatlılığın təkmilləşdirilməsi, dövlət büdcəsi resurslarından asılılığın azaldılması, habelə orta və uzunmüddətli dövrdə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları qarşısında yarana biləcək öhdəliklərin öncədən müəyyən olunması təmin ediləcək.
Qeyd edək ki, sözügedən Kollegiya qərarının mətni və təsdiq edilmiş formaların “Excel” formatda elektron variantı Nazirliyin rəsmi internet səhifəsinə yerləşdirilib.






