Son dəqiqə

Niderland Xocalı Xocalıya ədalət!

Amsterdamın mərkəzində “Xocalıya ədalət!” çağırışı

Bakı.TurkicWorld:

Niderland Krallığında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan “Xocalıya ədalət!” aksiyası keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən aksiya Amsterdam şəhərinin mərkəzində yerləşən Dam meydanında baş tutub.

TurkicWorld xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Benilüks ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Niderland koordinatorluğu və Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirin əsas məqsədi 26 fevral 1992-ci ildə ermənilərin Xocalıda mülki əhaliyə qarşı törətdiyi dəhşətli soyqırımı dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, bəşəriyyətə müharibələrin günahsız insanlara yaşatdığı faciələri xatırlatmaq olub.

Aksiyada Niderlandda yaşayan gənc soydaşımız Cavidan Məmmədov Xocalı soyqırımı haqqında müfəssəl məlumat verib. Soydaşlarımızı Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində fəaliyyətlərini davam etdirməyə çağırıb.

İştirakçılar “Xocalıya ədalət!”, “Soyqırımına yox!”, “İnsanlıq soyqırımına qarşıdır”, “Sülh naminə” kimi şüarlar səsləndiriblər.

Tədbirdə yerli ictimaiyyət nümayəndələrinə, eləcə də şəhərin qonaqlarına məlumatlandırıcı materiallar paylanıb. Həmçinin “Xocalıya ədalət!” və müharibələr zamanı günahsız insanların həlak olmamasına dair çağırışları əks etdirən plakatlar sərgilənib. Eyni zamanda Emin Sadıqlı skripkada, Cavid Səlimov tarda Xocalı soyqırımına həsr olunan həzin musiqi parçaları səsləndiriblər.

Məlumat üçün bildirək ki, xaricdəki Azərbaycan icmaları Xocalı soyqırımının dünyada tanıdılması, Azərbaycan həqiqətlərinin təbliği istiqamətində mütəmadi olaraq genişmiqyaslı tədbirlər təşkil edir.

Mövzuya görə xəbərlər