Azərbaycan Gürcüstan

Alim Nəbiyevdən ardıcıl üçüncü qələbə

BAKI, TurkicWorld

Georgian Fighting Championship və Grand Bellagio Championship turniri çərçivəsində Batumidə keçirilən yarışda “professor” ləqəbli soydaşımız, kikboksçu Alim Nəbiyev braziliyalı rəqibi Jaime Souzanı məğlub edib. Bu qələbə onun MMA karyerasında ardıcıl üçüncü uğuru kimi yadda qalıb.
TurkicWorld xəbər verir ki,idmançı açıqlamasında hazırda ona müxtəlif beynəlxalq döyüş təşkilatlarından təkliflərin daxil olduğunu deyib. Bununla belə əsas hədəfinin dünyanın ən nüfuzlu döyüş liqası UFC-də çıxış etmək olduğunu vurğulayıb. O, Batumidə qazandığı qələbəni Azərbaycan və Gürcüstan xalqları arasında dostluğa həsr etdiyini söyləyib. Döyüş zamanı tribunalardan hiss etdiyi dəstəyin ona əlavə motivasiya verdiyini deyib. Onu dəstəkləmək üçün Azərbaycandan Batumiyə gələn tanınmış idmançılara və məşqçilərə, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyinin və Batumidəki konsulluğunun nümayəndələrinə, eləcə də yerli icma üzvlərinə təşəkkürünü bildirib.
Məlumat üçün bildirək ki, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu olan Alim Nəbiyev beynəlxalq arenada həm Azərbaycanı, həm də Gürcüstanı uğurla təmsil edir. O, keçmiş Dünya Muay Tay Şurasının keçirdiyi turnirlərdə yüngül çəkidə dünya çempionu tituluna sahibdir.

Mövzuya görə xəbərlər