Son dəqiqə

Bakı Bakıda ilk RoboCafe: Qəhvənizi artıq robotlar hazırlayır Crescent Mallda texnoloji yenilik: KUKA robotu ilə qəhvə xidməti Bakı mühəndislərinin uğuru: İlk yerli montajlı RoboCafe fəaliyyətə başladı Humanoid robot Pepper Bakıda: RoboCafedə interaktiv şoular Süni intellekt və qəhvə mədəniyyəti bir arada: Bakının yeni nəsil kafesi

Bakıda texnoloji yenilik: "Crescent Mall"da ilk "RoboCafe" açıldı

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Bakıda şəhər həyatına yeni bir texnoloji məkan qoşulub - ilk RoboCafe Crescent Mall-da rəsmi olaraq fəaliyyətə başlayıb. Burada içkilərin hazırlanması və təqdimatı sənaye tipli KUKA KR Agilus robotu tərəfindən həyata keçirilir. Bu robot dünyada sürəti və dəqiqliyi ilə tanınan ən qabaqcıl sənaye robotlarından biridir.

TurkicWorld xəbər verir ki, RoboCafe-nin fəaliyyəti maşın görməsi ilə təchiz olunmuş süni intellekt sistemi tərəfindən idarə olunur. Sistem içkinin hazırlanmasından tutmuş, onun müştəriyə düzgün və təhlükəsiz şəkildə təqdim olunmasınadək bütün mərhələlərə tam nəzarət edir. Nəticədə insan faktoru minimuma endirilir, sabit keyfiyyət, yüksək dəqiqlik və maksimum gigiyena təmin olunur.

Texnologiya ilə yanaşı, RoboCafe-də qəhvə keyfiyyətinə xüsusi önəm verilir. Burada zəngin dad və aroma əldə etmək üçün ən yüksək keyfiyyətli, təbii Arabica qəhvə növlərindən istifadə olunur.
RoboCafe eyni zamanda ziyarətçilərə interaktiv və vizual təcrübə təqdim edir. Məkan daxilində dünyada məşhur olan Pepper humanoid robotunun iştirakı ilə daimi robo-şou nümayiş olunur. Pepper insan-robot qarşılıqlı əlaqəsi və canlı çıxışları ilə beynəlxalq səviyyədə tanınır və qonaqların böyük marağına səbəb olur.

Layihə JFB Tech və Bakurobotics şirkətləri tərəfindən həyata keçirilib. RoboCafe-nin yığılması və istismara verilməsi tam şəkildə Bakıda, yerli mühəndis komandası tərəfindən icra olunub.
RoboCafe sənaye robototexnikasını, süni intellekti, canlı robot şousunu və qəhvə mədəniyyətini bir araya gətirərək göstərir ki, gələcəyin texnologiyaları artıq bu gün Bakının şəhər həyatının bir hissəsinə çevrilib.

RoboCafe konsept deyil - bu, real işləyən, yeni nəsil kafe modelidir.

Mövzuya görə xəbərlər