Bakı.TurkicWorld:
Mahir Səfərli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinə rəhbər təyin edilib.
TurkicWorld xəbər verir ki, bu barədə BMT QAK-ın rəsmi açıqlamasında, həmçinin Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Regional nümayəndə kimi Mahir Səfərli Qazaxıstanın Almatı şəhərində yerləşən regional ofis bazasında fəaliyyət göstərəcək və təşkilatın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandakı fəaliyyətinə rəhbərlik edəcək.
Məlumata görə, 21 yanvar tarixində Astanada Mahir Səfərli Qazaxıstan Xarici İşlər Nazirliyinə etimadnaməsini təqdim edib. Görüş zamanı tərəflər əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər. Yaxın həftələrdə yeni regional nümayəndənin Mərkəzi Asiya ölkələrində hökumət qurumları və tərəfdaşlarla görüşlərini davam etdirəcəyi, birgə fəaliyyət mexanizmlərinin gücləndirilməsi üçün əlavə təmasların planlaşdırıldığı qeyd olunur.
BMT QAK-da 23 ildən artıq humanitar təcrübəyə malik Mahir Səfərli müxtəlif ölkələrdə mürəkkəb humanitar böhranlar və fövqəladə vəziyyətlər şəraitində rəhbər vəzifələrdə çalışıb. Mərkəzi Asiyaya təyinatından əvvəl o, təşkilatın Yunanıstan və Ukraynada nümayəndə müavini kimi fəaliyyət göstərib. Daha əvvəl isə Suriya və Türkiyədə əməliyyat və koordinasiya üzrə yüksək vəzifələr tutub.
Karyerasına əvvəlki mərhələlərində Mahir Səfərli Əfqanıstan, Liviya, Ukrayna, Qırğızıstan, Liberiya və Azərbaycanda BMT QAK-ın humanitar əməliyyatlarında hüquqi müdafiə və idarəetmə istiqamətləri üzrə müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin 2016–2019-cu illərdə Cenevrədə yerləşən Baş Qərargahda yoxlama və nəzarət funksiyaları üzrə baş inspektor vəzifəsini icra edib.
BMT QAK bildirir ki, Mahir Səfərli yeni vəzifəsində regionda qaçqınların müdafiəsi sisteminin gücləndirilməsi və vətəndaşsızlıq probleminin həlli istiqamətində fəaliyyətə rəhbərlik edəcək.
"Zəngin mədəni irsə və tarixə malik, qaçqınlara qonaqpərvər münasibəti və vətəndaşsızlıq probleminin həllində təşəbbüsləri ilə seçilən Mərkəzi Asiya regionunda fəaliyyətə başlamaq mənim üçün böyük şərəfdir", – deyə Mahir Səfərli qeyd edib.
Tərcümeyi-halı ilə bağlı məlumatda bildirilir ki, Mahir Səfərli hüquq və dövlət idarəçiliyi üzrə təhsil alıb, həmçinin beynəlxalq insan hüquqları hüququ, beynəlxalq humanitar hüquq və münaqişələrin qarşısının alınması sahələrində Finlandiya, İtaliya və Norveçdə ixtisasartırma proqramlarından keçib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.







