BAKI, TurkicWorld
Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin qəhrəmanlıq salnaməsini təşkil edən 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.
Xalqımıza qarşı törədilmiş bu qanlı cinayətin dünya ictimaiyyətinə, o cümlədən Türkmənistan cəmiyyətinə daha dolğun və obyektiv şəkildə çatdırılması məqsədilə ölkənin və Mərkəzi Asiya regionunun nüfuzlu informasiya resurslarından sayılan “NewsCentralAsia” və digər informasiya portallarında Səfirliyin təşəbbüsü ilə “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq və milli qürur salnaməsi” başlıqlı materiallar dərc edilib, eyni zamanda sözügedən məlumatlar yerli media orqanlarına təqdim olunub.
Dərc edilmiş materiallarda 20 Yanvar faciəsinin Azərbaycanın dövlət müstəqilliyinin bərpası prosesində mühüm dönüş nöqtəsi olduğu xüsusi vurğulanıb. Qeyd edilib ki, bu hadisə Azərbaycan tarixində təkcə dərin faciə kimi deyil, eyni zamanda milli qürur, qəhrəmanlıq və iradə nümunəsi kimi əbədi iz qoyub. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkənin bütün suveren ərazilərində qürurla dalğalanır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə müasir Azərbaycan tarixində yeni, şərəfli bir mərhələ başlayıb, eyni zamanda 36 il əvvəl – 1990-cı ilin 20 Yanvar gecəsi ölkənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid Vətən övladlarının ruhu şad olub.
Bununla yanaşı, müasir dövrdə informasiyanın yayılmasında internet resurslarının və sosial şəbəkələrin mühüm rolunu nəzərə alan Səfirlik Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı faciə barədə dünya ictimaiyyətinin, o cümlədən sosial şəbəkələrin türkmən seqmentindəki auditoriyanın daha geniş məlumatlandırılması məqsədilə Səfirliyin rəsmi internet saytında və sosial şəbəkə hesablarında Azərbaycan, türkmən, ingilis və rus dillərində 20 Yanvar faciəsinə dair ətraflı məlumatlar və video-materiallar yerləşdirib.
Eyni zamanda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanatları yayılıb.






