BAKI,TurkicWorld
Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı sahəsində mühüm işlər aparılır.
TurkicWorld xəbər verir ki, möhtəşəm tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu kateqoriyaya aid 500-dən çox hərbçi yüksək texnologiyalı, ən müasir protezlərlə təmin olunub.
Onlara ümumilikdə 620-dək son nəsil protez verilib. Aktivlik və funksionallığı ilə seçilən bu protezlərlə istifadəçi köməkçi vasitələr olmadan sərbəst, sabit, inamlı hərəkət imkanına malik olur.
Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində bu sahədə aparılan işləri də qeyd edərək deyib: “Biz müharibə zamanı əlil olmuş hərbçiləri dövlət tərəfindən ən müasir protezlərlə təmin etmişik. Beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Bu, ən son model protezlərdir. Müntəzəm olaraq onlara xidmət göstərilməlidir, dəyişdirilməlidir. Çünki bunu fizioloji nöqteyi-nəzərdən dəyişməyə ehtiyac var. Əlbəttə, biz bunu edirik, o insanlar qarşısında bizim vətəndaşlıq borcumuzdur”.
Qeyd edək ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə də təminatı həyata keçirilir və bu, onların idman oyunlarında daha sərbəst, rahat hərəkətlər etməsinə imkan verir.







