Son dəqiqə

Ramin Məmmədov Bakıda Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək Azərbaycan Din Xadimlərinin II Forumu

Azərbaycan dünyəvi dövlət olaraq dini müxtəlifliyə hörmət və tolerantlıq siyasətini uğurla həyata keçirir - Ramin Məmmədov

BAKI, TurkicWorld, Nailə Babazadə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edərək bildirib ki, ölkəmiz dünyəvi dövlət olaraq dini müxtəlifliyə hörmətlə yanaşır və dövlət-din münasibətləri modeli beynəlxalq normalara uyğun şəkildə uğurla tətbiq edilir.

TurkicWorld xəbər verir ki, Məmmədov çıxışında vurğulayıb ki, 2024-cü ildə təməli qoyulan bu forum ənənəsi dövlət-din münasibətlərinin sağlam və davamlı inkişafının göstəricisidir. O deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il Forum iştirakçılarına ünvanladığı müraciətdə əks olunan strateji hədəflər bu ilki tədbirin gündəliyini müəyyənləşdirib və fəaliyyətə istiqamət verib.

Komitə sədri bildirib ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, müxtəlif sivilizasiyaların qovuşduğu, fərqli etnos və dinlərin qarşılıqlı hörmət şəraitində yaşadığı tolerant mühitə malikdir. O qeyd edib ki, bu coğrafiyada tolerantlıq həyat tərzinə çevrilib və müxtəlif dini abidələr – məbədlər, sinaqoqlar və kilsələr bu zəngin mənəvi irsin əsas dayaqlarıdır.

Ramin Məmmədov həmçinin diqqət çəkib ki, ölkəmizdə din siyasəti demokratik, hüquqi və dünyəvi dövlətçilik prinsiplərinə əsaslanır. O vurğulayıb ki, vicdan və dini etiqad azadlığı yalnız formal hüquq deyil, real dəyər kimi təmin edilir və dövlət bütün konfessiyalara bərabər imkanlar yaradır.

Komitə sədri bildirib ki, dövlət-din münasibətləri modeli Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilmişdir. Məmmədovun sözlərinə görə, Azərbaycan dünyanın multikulturalizm mərkəzinə çevrilib və bu model xalqın milli kimlik şüurunun möhkəmlənməsinə xidmət edir.

Çıxışda Heydər Əliyev Fondunun dini abidələrin bərpası və inşasında, xüsusilə işğaldan azad edilmiş ərazilərdə mənəvi irsin dirçəldilməsindəki roluna da diqqət çəkilib. Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun “Mənəvi dəyərlər” həftəsi çərçivəsində gənclərin milli ənənələrə bağlılığının artırılması üzrə təşəbbüslər də vurğulanıb.

Məmmədov, həmçinin Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin beynəlxalq aləmdə təbliği üçün sistemli əməkdaşlıq platformalarının yaradıldığını və dini liderlərin ölkəmizə səfərlərinin bu məqsədə xidmət etdiyini bildirib.

Forum çərçivəsində keçirilən “Fərqliliyin rəngi” festivalı da yüksək qiymətləndirilib. Məmmədov qeyd edib ki, tədbir müxtəlif dini icmaların ənənələrinin nümayişi və dinlərarası harmoniya mesajı ilə Azərbaycan tolerantlıq modelini dünyaya çatdırıb.

Ramin Məmmədov çıxışını Azərbaycanın dövlət-din münasibətləri modelinin milli sərvət olduğunu qeyd edərək yekunlaşdırıb və tolerantlıqla dinc yanaşı yaşamağın ölkənin gələcək inkişafının təminatlarından biri olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər