Bakı, TurkicWorld
AZAL-ın təyyarəsində oksigen balonunun partlaması barədə məlumat Rusiyadan verilib.
TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
"AZAL-ın təyyarəsində oksigen balonunun partlaması barədə məlumat 10.53-də Rostovdan uçuş rəhbərindən daxil olub. Belə ki, Rostovun uçuş rəhbəri Aktau qülləsinin uçuş rəhbərinə əlavə məlumat verib ki, təyyarənin sərnişin salonunda oksigen balonu partlayıb, sərnişinlər huşlarını itiriblər və gələn kimi reanimasiya tələb edilir. Bu məlumat əsasında bütün xilasetmə xidmətlərinə operativ məlumat verilib. Brifinqdə uçuş rəhbəri Rostovun məlumatları əsasında hadisələrin xronologiyası açıqlanıb", - Nazirlikdən bildirilib.
Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.