Son dəqiqə

AZAL

"Embraer" nümayəndələri AZAL-ın təyyarəsinin qəzasını araşdırmaq üçün Aktauya gəliblər

Bakı, TurkicWorld

"Embraer" şirkətinin nümayəndələri "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması faktını araşdırmaq üçün Aktau şəhərinə gəliblər.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən məlumat verilib.

"Təyyarə istehsalçısı "Embraer" şirkətinin xüsusi nümayəndələri Braziliyadan Aktau şəhərinə gəliblər. İstintaq komissiyası qəza yerinə gedib və görüləcək işləri müəyyənləşdirib", - deyə Nazirlikdən bildirilib.

Eyni zamanda, qeyd edilib ki, yaxın günlərdə CENIPA (Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi) nümayəndələrinin Qazaxıstana gəlişi gözlənilir.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Mövzuya görə xəbərlər