Bakı, TurkicWorld
Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır.
TurkicWorld xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Xidməti və mülki silah haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
Layihəyə əsasən, həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilməyəcək.
Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və ya vətəndaş tərəfindən təmin ediləcək.