Bakı, TurkicWorld
Yaponiyada Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin əsərlərinin çapı layihəsi çərçivəsində növbəti not kitabı buraxılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq bəstəkarın fortepiano üçün əsərləri gündoğar ölkədə işıq üzü görüb.
"Zen-On" musiqi nəşriyyatı tərəfindən nəşr olunan əsərlərə aid metodik tövsiyələr pianoçu Gülnarə Səfərova tərəfindən işlənilib, not kitabına yapon və ingilis dillərində daxil edilib.
Artıq mağazalara satışa verilən kitabın 2025-ci ildə təqdimatının, həmçinin konsert proqramının keçirilməsi, Qara Qarayev musiqisi haqqında mühazirələrin, açıq dərslərin və digər bu kimi tədbirlərin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, 2023-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qara Qarayevin "Yeddi gözəl" və "Don Kixot" baletlərinin partiturasından ibarət iki not kitabı yapon musiqisevərlərin ixtiyarına verilib.