Son dəqiqə

COP29

COP for Hope: İqlim məsələlərini həll edərkən gender bərabərliyi nəzərə alınmalıdır - ABŞ nümayəndəsi

Bakı, TurkicWorld

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz siyasi ekoloq və ekoloji antropoloq, ABŞ-dən olan "Womens Earth and Climate Action Network"un nümayəndəsi Françes Robert-Qerqoridir.

O, TurkicWorld-ə bildirib ki, iqlim məsələlərinin həllində gender bərabərliyini nəzərə almaq lazımdır.

"Azərbaycana ilk dəfədir gəlirəm. Bu, mənim iştirak etdiyim 5-ci COP-dur və qeyd etmək istərdim ki, COP29 Bakıda çox gözəl təşkil olunub, müvafiq qurumların və iştirakçıların fəaliyyəti üçün bütün lazımi infrastruktur yaradılıb.

İqlim məsələlərinin maliyyələşdirilməsi üzrə danışıqların hansı nəticələrə gətirib çıxardığını görməkdən çox məmnunam. Biz gender məsələlərinə diqqət yetiririk və bu sahədə etibarlı fəaliyyət planının olmasını təmin edirik.

Məqsədlərimiz gender və insan hüquqlarının danışıqların bütün mətnlərinə daxil edilməsini təmin etməkdir. İqlim siyasəti üzrə danışıqlar aparan ölkələrin liderlərinin hamını təmsil etməsi üçün gender bərabərliyi nəzərə alınmalıdır. Ona görə də biz əmin olmaq istəyirik ki, danışıqlarda qadınlar, yerli xalqlar böyük gücə və səsə malik olsunlar", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Mövzuya görə xəbərlər