Son dəqiqə

Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi

Tələbələr üçün Maliyyə təlimləri layihəsinin ilk təlimi ADU-da baş tutub

Bakı, TurkicWorld

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən “Tələbələr üçün Maliyyə təlimləri” layihəsi başlayıb.

Bu barədə TurkicWorld-a “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən (GMD) məlumat verilib.

Layihənin məqsədi ali təhsil müəssisələrində təhsil alan tələbələrdə maliyyə savadlılığının artırılması, onlara büdcə planlaşdırılmasından investisiya strategiyalarına qədər hər şey barədə ətraflı məlumat verməkdir.

Layihə çərçivəsində ilk təlim Azərbaycan Dillər Universitetində keçirilib. Təlimçi Əlabbas Azadovun təqdimatında keçirilən təlim interaktiv formada davam edib.

Qeyd etmək lazımdır ki, layihə rəhbəri Eltac Rəşidzadənin olduğu, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən “İdeyanı Reallaşdır” qrant müsabiqəsinin qalibi olan layihə Bakı Dövlət Universiteti və Dövlət Gömrük Komitəsi Akademiyasında da keçiriləcək.

Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.

Birlik gənclərin vətənpərvərlik hisslərinin, dövlətçilik dəyərlərinin yüksəldilməsi, gənclərin asudə vaxtlarının səmərəli və öyrədici formada dəyərləndirilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.
Eyni zamanda, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (Turkic.World) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfdaşlıq memorandumu imzalayıb.

Mövzuya görə xəbərlər