Bakı, TurkicWorld
Laçın rayonu Qorçu kəndində inşa olunan və saatda 200 sərnişinə xidmət edəcək beynəlxalq hava limanının tikintisi bitmək üzrədir.
TurkicWorld-in məlumatına görə, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti İcraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsində deyib.
O qeyd edib ki, bu hava limanı bölgələrə gediş-gəlişi asanlaşdıracaq və Laçının turistik potensialından geniş istifadə olunmasına imkan verəcək.
T. İslamov həmçinin, əlavə edib ki, azad olunmuş ərazilərin bərpası bu torpaqlara həyatın qaytarılmasının rəmzidir və Prezident İlham Əliyevin tapşırığı əsasında biz də öz növbəmizdə quruculuq işlərinə layiqincə davam edəcəyik.
Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci ildə qoyulub.
Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Hava limanı dəniz səviyyəsindən 1800 metr hündürlükdə, Qorçu kəndi yaxınlığında inşa edilir. O, MDB məkanında ən yüksək dağlıq hava limanlarından biri olacaq.
Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.