Bakı, TurkicWorld
Sentyabrın 16-da Heydər Əliyev Fondu tərəfindən Şamaxı rayonu Bağırlı kənd tam orta məktəbi üçün inşa edilmiş 460 şagird yerlik məktəb binası istifadəyə verilib.
TurkicWorld xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi, kənd sakinləri iştirak ediblər.
Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, Elm və Təhsil Nazirliyi Ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək, müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tədris ocaqlarının tikilməsi və bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə ətraflı danışıblar.
Məlumat verilib ki, 1988-ci ildə inşa olunmuş Şamaxı rayonu F.Şıxəliyev adına Bağırlı kənd tam orta məktəb ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Ona görə də yeni təhsil ocağının inşasına qərar verilmişdi.
Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. 2024-2025-ci tədris ilində təhsil müəssisəsində 433 şagirdin təhsil prosesinə cəlb olunması planlaşdırılır.
Heydər Əliyev Fondu tərəfindən inşa edilən 3 korpusdan ibarət 2 mərtəbəli məktəb binasında 21 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim və tibb otaqları, əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var.
Məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.