Bakı, TurkicWorld / Nərmin Ağayeva /
Türk Mədəniyyəti və İrsi Fondunun yerli sənətkarların iştirakına olan dəstəyi ilə Qazaxıstanda keçiriləcək 5-ci Ümumtürk Köçəri oyunlarına maraq olduqca böyükdür.
Bunu -TurkicWorld a müsahibəsində Ənənəvi İncəsənət Mərkəzinin tədris layihələri üzrə meneceri Cəmilə Babayeva deyib.
O qeyd edib ki , Ənənəvi İncəsənət Mərkəzi olaraq mütəmadi müxtəlif beynəlxalq tədbir və oyunlarda iştirak edirlər və növbəti dəfə də Qazaxıstanda 8-14 sentyabr tarixləri arasında keçiriləcək 5-ci Ümumtürk Köçəri oyunlarına Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə qatılacaqlar.
“Digər ortaq mədəniyyətlərin olduğu tədbirdə iştirak etmək bizim üçün çox maraqlıdır. Biz burda yeni texnikalar və məlumatlar görüb, təcrübə mübadiləsi aparacağıq. Ənənəvi İncəsənət Mərkəzi orda öz sənətkarlıq nümunələrini təqdim edəcək və mərkəzimizin fəaliyyət göstərdiyi 5 sahə üzrə də məhsullar yer alacaqdır. Həmçinin sədəfkəsmə sənətinə aid olan əl işlərimizi və icra prosesini biz orda real olaraq nümayiş etdirəcəyik”-deyə o bildirib.
C. Babayeva onu da qeyd edib ki ,Ənənəvi İncəsənət Mərkəzi 2012-ci ildə yaradılıb.
“Mərkəzimizin əsas məqsədi Azərbaycan Mədəni İrsinin təbliğində rol almaq və ənənəvi qədim sənətkarlıq sahələrinin inkişafına təkan verərək, günümüzdə də yaşadılmasını təmin etməkdir. Həmçinin bu sahədə aparılan elmi praktiki işlərin aparılmasına da dəstək göstəririk”-deyə o bildirib.
C. Babayevanın sözlərinə görə, mərkəz beş fərqli incəsənət sahəsi üzrə fəaliyyət göstərir ki, bura keramika, batika, dekorativ boyakarlıq, taxta ilə işləmə sənəti və zərgərlik sənəti daxildir.
“Fəaliyyət sahələrimizə aid olan kəlağayı, miniatüra və sədəfkəsmə sənəti kimi sahələrdən bir neçəsi həmçinin UNESCO-nun qeyri-maddi irsinə də daxil edilib. Sədəfkəsmə texnikası işlərimiz arasında əsas tətbiq olunan növdür. Ənənəvi İncəsənət Mərkəzində qeyd etdiyimiz sahələr üzrə peşəkar ustalarımız və onların köməkçiləri fəaliyyət göstərir. Onlar Azərbaycanın Rəssamlıq Akademiyasını bitiriblər və həmçinin Londonda yerləşən hazırki Kral Çarlzın kral fondunun ənənəvi incəsənət üzrə məktəbini bitiriblər.
Bu məktəbdə onlar 3 il ərzində nəzəri və praktiki müxtəlif kurslarda iştirak edib və hər biri bu sahə üzrə beynəlxalq sertifikatlara sahibdir.”-deyə C.Babayeva əlavə edib.
Ümumtürk Köçəri oyunlarında iştirak edəcək sədəfkəsmə üzrə mütəxəssis Aynur Salamzadə də hesab edir ki , bu sənətin yaşadılmasında milli motivlər və əsasən də naxışlar mühüm rol oynayır.
“Naxışlar tək Azərbaycan deyil, bir çox İslam ölkələrində də istifadə olunur. Bu naxışların oxşar və fərqli variantlarını biz həmin ölkənin milli abidələrinə baxan zaman görə bilərik”-deyə o qeyd edib.
A.Salamzadə hesab edir ki , Türk Mədəniyyəti və İrsi Fondunun sənətkarları dəstəkləməsi və şərait yaratması nəticəsində 5-ci Ümumtürk Köçəri oyunlarında iştirakı olduqca mühimdir.
“ Bu tədbirin keçirilməsində bizi dəstəklədiyinə və şərait yaratdığına görə Türk Miras fonduna öz adımızdan təşəkkürümüzü bildiririk. Azərbaycanda olan sənətkarların burda iştirakı təqdirəlayiqdir”-deyə o qeyd edib.
A. Salamzadə qeyd edib ki, bu sənət növünə təssüf olsun ki , gənc nəsil arasında bir o qədər də meyl edilmir.
“ Təəssüf ki hazırda bu peşə ilə məşğul olan geniş bir kütlə yoxdur. Maraq göstərən şəxslər isə daha çox cavan nəsil deyil, irəli yaşda olan nəsildir. Yaşlı nəsildən bu peşəni öyrənmək istəyən və kurs üçün mənə müraciət edənlər olur. Gənc nəsildən isə nadir hallarda da olsa, maraq göstərənlər olur. Dərs dediyim bəzi tələbələr var ki, həqiqətən bu sahəyə böyük maraq göstərirlər. Və düşünürəm ki, gənc nəslin bu sahədə daha yeni və kreativ düşüncələri var. Onların layihələri üzərində işləmək və fərqli düşüncələrin məhsulunu ərsəyə gətirmək mənə xüsusi zövq verir.”-deyə o qeyd edib.
Qeyd edək ki, Qazaxıstan, Qırğızıstan , Türkiyə və Azərbaycanda incəsənətlə məşğul olan sənətkarların Köçəri Oyunlarında iştirakına Türk Mədəniyyəti və İrsi Fondu bir başa öz dəstəyini göstərərək, yerli əl işlərin münayiş etdirilməsi üçün şərait yaradır.