Son dəqiqə

Türk Mədəniyyəti və İrsi Fondu

Türk Mədəniyyəti və İrsi Fondu 41-ci Beynəlxalq İstanbul Kitab Fuarında təmsil olunacaq

Bakı. TurkicWorld:

Azərbaycan bu il Türkiyədə keçirilən 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində Fəxri Qonaq statusunda təmsil olunur.

TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək tədbirdə görkəmli icimai-siyasi xadimlər, dövlət rəsmiləri, şair və yazıçılar, o cümlədən insəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti iştirak edir. Türk Mədəniyyəti və İrsi Fondu da Azərbaycan stendinin daxilindəki xüsusi stenddə öz nəşrlərini sərgiləyəcək. Qeyd edək ki, Fondun qurucu üzv dövləti olan Azərbaycan Respublikasının, Fondun digər qurucu üzv dövləti olan Türkiyə Respublikasında Fəxri Qonaq Statusunda təmsili olduqca böyük mədəni və tarixi hadisədir. O cümlədən Fond 41-ci İstanbul Kitab Sərgisində bir sıra kitab təqdimatları da təşkil edəcək.

Belə ki, 03 noyabr 11:00–12:00-da Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Səninləyik Türkiyə” adlı şeir antologiyasının təqdimat mərasimi keçiriləcək. Kitabda Türk dünyasının görkəmli şairlərinin 6 fevral 2023-cü il tarixində Türkiyədə baş verən zəlzələyə ithaf etdikləri poetik əsərlər toplanıb. Tədbirin açılışında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın sərgi iştirakçılarına ünvanlandığı məktub oxunacaq. Daha sonra Fondun aparat rəhbəri Fəxri Hacıyev nəşr haqqında fikirlərini bölüşəcək. Həmçinin tədbirdə şair Səlim Babullaoğlu, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn zəlzələyə həsr etdikləri şeirləri oxuyacaqlar. Kitabın tərcüməçisi və redaktoru Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğludur.

03 noyabr saat 17:00-da böyük türk mütəfəkkiri Süleyman Çələbinin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türkcə və almanca nəşr edilən “Mövlid” kitabının təqdimat mərasimi baş tutacaq. Araşdırmaçı Orxan Arasın hazırladığı nəşr haqqında Fondun aparat rəhbəri Fəxri Hacıyev, şair Fərid Hüseyn və gənc araşdırmaçı Rəvan Cavid çıxış edərək fikirlərini bölüşəcəklər.

04 noyabr 12:00–12:45-də isə Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi şair Vaqif Səmədoğlunun 85 illik yubileyi və Türkiyə türkcəsində nəşr olunan “Mən burdayam, İlahi” kitabının təqdimat mərasimi baş tutacaq. Təbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın təqdimat iştirakçılarına ünvanlandığı məktub səsləndirilcək, daha sonra isə Fondun aparat rəhbəri Fəxri Hacıyev nəşr haqqında, o cümlədən Fondun fəaliyyəti xüsusunda çıxış edəcək. Tədbirin davamında Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Babayeva-Vəkilova Vaqif Səmədoğlunun türkcə kitabının nəşri haqqında danışacaq.

Şair Səlim Babullaoğlu, Qismət, Fərid Hüseyn və başqaları çıxışlar edərək Vaqif Səmədoğlunun Azərbaycan poeziyasındakı müstəsna rolunu şərh edəcəklər Nəşrin tərcüməçisi mərhum türkoloq, tərcüməçi Arif Acalov, redaktoru türkiyəli məşhur şair Adnan Özərdir.

Qeyd edək ki, tədbirlərin hər biri TÜYAP Sərgi Mərkəzinin Beynəlxalq Salonunun Azərbaycan stendində keçiriləcək.

Mövzuya görə xəbərlər