Son dəqiqə

MÜSİAD

"Vətən" poeması Türkiyə səfirinə təqdim edilib

Bakı, TurkicWorld

Şair Ramiz Qusarçaylının qələmə aldığı dərin məzmunlu və vətənpərvər ruhlu əsərləri poeziyamızda mühüm yerlərdən birini tutur. Təməli "Azərbaycan Bayrağı" şeirilə qoyulan “Vətən” poeması isə onun yaradıcılığına xüsusi önəm verir. Şairin təbirincə desək; “Vətən haqqında o qədər yazıblar ki! O qədər yazırlar ki! O qədər yazacaqlar ki!”. Bəli, Vətən haqqında nə qədər yazılsa azdır.

Azərbaycan və İraq Türkmən Yazıçılar Birliklərinin üzvü, AYB Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı “Vətən” poemasına görə bir sıra mükafatlara, o cümlədən, Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi "Əhməd Cavad" mükafatına, 2022-ci ildə isə İstanbulda keçirilən şeir festivalında "Vətən" poemasını, "Azərbaycan bayrağı” və "İstanbul" şeirlərini, türk dünyası qarşısındakı xidmətlərini nəzərə alaraq "Ziya Paşa mükafatı"na, Azərbaycan Mədəniyyət Nazirinin, Azərbaycan MM-nin Mədəniyyət Komitəsinin, AMEA-nın Fəxri Fərmanlarına layiq görülüb.

Ramiz Qusarçaylı “Vətən” poemasının Türk dilində yenicə çapdan çıxmış "Vatan" kitabını ilk olaraq Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Cahit Bağcıya təqdim etdi.

Görüş zamanı Türkiyə və Azərbaycanın qədim və şərəfli tarixi, ortaq ədəbi əlaqələrimiz, ədəbiyyatımızın müasir mənzərələri barədə mülahizələr paylaşıldı, maraqlı fikir mübadilələri aparıldı.

Türkiyə səfiri şairə ziyarətindən məmnunluğunu ifadə etdi, türk dünyası adına önəmli fəaliyyətlərində yeni yaradıcılıq uğurları arzuladı.

Görüş zamanı səfir Cahit Bağcı Ramiz Qusarçaylıya müəllifi olduğu "Yoxuşun Uşaqları" kitabını hədiyyə etdi.

Şair sonda səmimi qəbula görə cənab səfirə, yaradıcılığına göstərdikləri diqqət və qayğıya görə İdarə Heyətinin sədri Rəşad Cabirlinin timsalında "MÜSİAD Azərbaycan" İş Adamları Cəmiyyətinə təşəkkürünü bildirdi.

Mövzuya görə xəbərlər