Bakı. TurkicWorld:
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İslamşünaslıq kafedrasının müəllimi Əbülfət Vəliyevin “Qurani-Kərim əlifbası və təcvid qaydaları” adlı kitabını nəşr etdirib.
TurkicWorld xəbər verir ki, bu kitab Qurani-Kərimin tilavətini düzgün şəkildə öyrətmək məqsədi daşıyır.
Kitabda hərflərin sözdə göstərilməklə öyrənilməsi, bütün dərslərin hecalar üzərində qurulması və hər bir hərfin hecalarda işlədilməsi xüsusilə nəzərə alınmışdır.
Müəllimlər üçün də bir sıra qeydlərin yer aldığı bu kitabda, bütün misalların Qurani-Kərimdən götürülmüş olması və rəngli şəkildə verilməsi kitabı zənginləşdirən özəlliklərdəndir.
Üç fəsildən ibarət bu kitabın birinci fəslində Qurani-Kərim əlifbası, ikinci fəslində təcvid qaydaları, üçüncü fəslində isə Qurani-Kərimdən ayə və surələr təcvid qaydalarına uyğun olaraq rənglənərək verilmişdir.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir.
“İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunmuş əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.
Hafiz Rufizoğlu