Son dəqiqə

Quba

“Böyük Qayıdış” Gənclər Təşkilatının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Bakı, TurkicWorld

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Quba Soyqırımı Memorial Kompleksinə ziyarət təşkil olunub.

TurkicWorld xəbər verir ki, ziyarətdə iştirak edən təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri, Qayıdış Könüllüləri və üzv gənclər əvvəlcə kompleksin ərazisində ucaldılan abidənin önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra gənclərə kompleksin mütəxəssisləri tərəfindən ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlar verilib. Bildirilib ki, soyqırım zamanı Quba rayonu talanlara və yanğınlara məruz qalıb, əhalisi kütləvi şəkildə və amansızcasına qətlə yetirilib. Quba kütləvi məzarlığı 2007 ci ilin aprelində Qubada aparılan tikinti işləri zamanı təsadüfən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının tədqiqatı nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımla bağlı olduğu təsdiqlənib. İlkin məlumatlara görə, qəzada 122 kəndin talanlara və dağıntılara məruz qalması qeyd olunsa da, daha dəqiq aparılmış təhqiqatlar nəticəsində bu kəndlərin sayı 167 olduğu sübut olunmuşdur. Quba şəhəri və ətraf kəndlərində-38, Qusarda-27, Xaçmazda-65, Şabranda-21, Siyəzəndə-16 yaşayış məntəqəsi dağıdılmışdır. Qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. Məzarlıqdan tapılan qalıqlar da məhz həmin dövrün qurbanlarına aiddir.

Gənclər daha sonra kompleksdə yerləşən muzey ilə tanış olublar. Muzeyin giriş hissəsiində yerləşən ekspozisiya “Dinc Quba” adlanır. Bu hissədə XX əsrin əvvələrində Quba qəzasının sakinlərinin və şəhərin görüntüləri verilib. Fotoşəkillər Quba qəzasının əhalisinin – dövlət qulluqçuları, din xadimləri, məktəb uşaqları, qadınlar və digər şəhər və kənd sakinlərinin iş başında, məişətdə, ailədə və istirahət zamanı çəkilib.

Azərbaycanın müxtəlif qəzalarında baş vermiş soyqırımlar zamanı kütləvi şəkildə qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırıldığı, dənizə, quyulara atılmış və dəfn edilmədikləri üçün faciə qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq zalın mərkəzində qara mərmər daş ucaldılmışdır.

Zalın daha sonraki hissələrində Fövqəladə Təhqiqat Komissiyasının üzvlərının fotoşəkilləri və sənədlər nümayiş olunub. 1918-ci ildə soyqırımlar törədilən bölgələrin xüsusi qırmızı nişanlarla işarələnmiş Azərbaycanın 1918-1920-ci ilə qədərki xəritəsinin təsviri, daha sonra Azərbaycan tarixi haqqında qısa məlumat olan 4 dildə lövhələr yerləşdirilmişdir. Muzey qaleriyasının bütöv bir divarını Quba qəzasına həsr edilmiş 4 bölmədən ibarət ekspozisiyalar təşkil edir.

Xatırladaq ki, həyata keçirilən ziyarətin əsas məqsədi günahsız və dinc azərbaycanlılara qarşı faciəvi şəkildə törədilən soyqırımın yaddaşlarda yaşaması, xüsusi ilə gənc nəsillər tərəfindən unudulmamasıdır.

Mövzuya görə xəbərlər