İslamofobiya artıq ideoloji faciəyə çevrilib - Dünya Müsəlmanları İcmasının baş katibi

İslamofobiya artıq ideoloji faciəyə çevrilib - Dünya Müsəlmanları İcmasının baş katibi

Bakı. TurkicWorld:

15 mart tarixi "İslamofobiya ilə mübarizə günü" kimi təsis edilib. Təəssüflər olsun ki, biz belə bir gün təsis etməyə məcbur olduq.

TurkicWorld xəbər verir ki, bu barədə Dünya Müsəlmanları İcmasının baş katibi Mohamed Beçari "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

"İslamofobiyaya qarşı mübarizədə bir sıra qərarlar qəbul edilir. İslamofobiya artıq ideoloji faciəyə çevrilib. Artıq bir sıra Qərb ölkələrinin siyasətçilərinin nitqində islamofobiya təzahürü var. Qərb öz dinindən, irqindən olmayan insanlara necə belə davranır?

Ümumiyyətlə, digər dinlərə qarşı ayrı-seçkilik cinayət kimi qəbul edilməlidir. Bunun üçün beynəlxalq qanun olmalıdır", - deyə o bildirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.