Baku, TurkicWorld
Fevralın 27-də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Qusar Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyi Quba – Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombusmanın) Şimal regional Mərkəzinin birgə təşkilatçılığı ilə, Qusar şəhərində, “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda seminar keçirilib.
TurkicWorld xəbər verir ki, Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Telman Kazımov, Gənclər və İdman Nazirliyi Quba – Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, hüquq – mühafizə və təhlükəsizlik orqanlarının yerli əməkdaşları, Qusar rayonunun istehsal və xidmət sahələrində çalışan gənclər, fəal gənclər, gənc din xadimləri və dindarlar iştirak edib.
Seminarda məlumat verildi ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 22 iyul 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb və buna uyğun olaraq narkomaniyaya qarşı maarifləndirmə tədbirləri də təşkil edilir. Çıxışlarda bildirildi ki, Azərbaycan əhalisinin böyük əksəriyyətinin etiqad etdiyi İslam dinində pis vərdişlər və insanın özü tərəfindən sağlamlığına ziyan olan işlərlə məşğul olması qadağan edilib. Qeyd edilib ki, gənc nəsil narkomaniya və bu kimi digər pis vərdişlərdən uzaq durmaqla özündən sonrakı nəslə sağlam yol açmış olur. Narkomanlığa qarşı effektiv mübarizənin ilkin yolu kimi düzgün maariflənmə, gənc nəslin sağlamlıq və idman, elm və biliklə məşğul olaraq daha savadlı olmalarının əhəmiyyəti çıxışlarda vurğulanıb.
Seminar müzakirələr ilə davam etdirildi, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.