Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir

Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir

Bakı. TurkicWorld:

Qanlı Yanvar hadisələrindən 34 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.

TurkicWorld xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır, şəhid məzarları üzərinə qərənfillər düzülür.

Bu gün təkcə Bakıda deyil, bölgələrdə və xarici ölkələrdə də kütləvi anım tədbirləri və mərasimlər keçirilir, şəhidlərin ruhuna dualar oxunur.

Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 34-cü ildönümüdür.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.