Son dəqiqə

ÜST TƏBİB

ÜST, AzPC və TƏBİB Lənkəranda 100-dən çox tibb işçisi və valideyn üçün uşaqların peyvəndlənməsinin əhəmiyyəti haqqında tədbir təşkil edib

Bakı. TurkicWorld:

Noyabrın 17-də Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan Pediatriya Cəmiyyəti (AzPC) tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi və Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə Lənkəran şəhərində uşaqların peyvəndlənməsi ilə bağlı növbəti maarifləndirmə tədbiri keçirilib.

Silsilə şəklində müxtəlif regionlarda keçirilən “Mifə yox, elmi sübutlara inanaq: Peyvəndlə bağlı biliklərin artırılması üzrə təlim” adlı tədbir ÜST-nin Avropa İmmunlaşdırma Gündəliyi 2030 təşəbbüsünə uyğun olaraq “Heç bir uşağı peyvənddən kənarda qoymayaq” şüarı altında keçirilib.

Təlimi keçirməkdə məqsəd tibb işçilərinin və valideynlərin peyvəndlənmə ilə bağlı məlumatlılığını artırmaq və peyvəndlərlə bağlı yanlış təsəvvürləri aradan qaldırmaq olub.

Təlimə Lənkəran, Lerik, Yardımlı, Masallı və Astara rayonlarında fəaliyyət göstərən 100 nəfərə yaxın pediatr, tibb bacısı və qardaşı, həmçinin peyvənddən imtina edən valideynlər cəlb olunub.

Tədbirin birinci hissəsində AzPC-nin İdarə Heyətinin üzvləri və Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri Nigar Bayramova, Erkin Rəhimov və Əli Quliyev tərəfindən valideynlərlə peyvəndlə bağlı tərəddüdlər barəsində müzakirələr aparılıb və onların sualları cavablandırılıb. Görüşdə mütəxəssislər son dövrdə yayılan qızılca xəstəliyindən qorunmaq üçün uşaqların peyvənd olunması ilə bağlı valideynlərə çağırış edib.

Günün ikinci hissəsində isə AzPC-nin mütəxəssisləri tibb işçiləri üçün uşaq vaksinasiyası, peyvəndlə qarşısı alına bilən xəstəliklərin ağırlaşmaları, yanlış əks göstərişlər və s. mövzuları əhatə edən sessiyalar keçiriblər.

Tədbirin sonunda tibb işçiləri və valideynlər bu kimi canlı müzakirə əsasında təşkil olunan maarifləndirmə tədbirlərinin çox faydalı olduğunu bildiriblər.

Diqqətə çatdıraq ki, ilk maarifləndirmə tədbiri ötən ay Şirvan şəhərində 100-dən çox tibbi işçisi və 50-yə yaxın valideynin iştirakı ilə baş tutmuşdu. Növbəti aylarda da Bakı, Gəncə, Quba və Şəki şəhərlərində də eyniməzmunlu tədbirlərin təşkil olunması davam etdiriləcəkdir.

Mövzuya görə xəbərlər