Bakı. TurkicWorld:
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin misilsiz rəhbərliyi və yenilməz ordumuzun şücaəti sayəsində ərazi bütövlüyümüzün bərpa edilməsi və Vətən müharibəsində qazanılan parlaq qələbə yeni inkişaf istiqamətlərini müəyyən edib.
TurkicWorld xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov "Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları" mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
O bildirib ki, torpaqlarımızın azad edilməsi nəticəsində ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat-logistika dəhlizləri üzrə geniş imkanlar yaranıb:
"Xüsusən tarixi İpək Yolunun bərpası hesab edilən Orta Dəhlizin qlobal perspektivlərinin önə çəkilməsi, bu zaman iqtisadi səmərəlilik və daşımaların optimallaşdırılması kimi vacib amillərin nəzərə alınması hazırda qarşımızda duran ən əhəmiyyətli məsələlərdəndir. Dövlətimizin iqtisadi sütunlarından olan gömrük xidməti respublikamızın ərazisindən keçən beynəlxalq dəhlizlərin təşviqində və qonşu dövlətlərlə sıx əməkdaşlıq etməklə bu dəhlizlərin cəlbediciliyinin artırılmasında aktiv fəaliyyət göstərir".
Sədr qeyd edib ki, Dövlət Gömrük Komitəsinin əsas vəzifələrdən biri, həmçinin, ölkənin tranzit potensialının gücləndirilməsinə töhfə verməkdir və bu istiqamətdə mühüm addımlar atılır:
"Transxəzər Gömrük Tranzit Portalının yaranması yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında multimodal daşımalar üçün səmərəli nəzarətə şərait yaradan Şərqlə Qərbin Xəzər üzərində rəqəmsal qovşaq mexanizmi olacaq.
Eyni zamanda, Şimal-Cənub dəhlizi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, hazırda Azərbaycan Respublikası, Rusiya Federasiyası və İran İslam Respublikasının gömrük orqanları arasında ilkin məlumat mübadiləsinin tətbiqi üzrə müvafiq işlər aparılır.
Ölkəmizin tranzit potensialının inkişaf etdirilməsi məqsədilə Avropa İttifaqının Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi də Dövlət Gömrük Komitəsinin Gömrük İnkişaf Modelinin planlaşdırılan layihələrinə daxil edilmişdir. Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi Azərbaycan iqtisadiyyatının Avropa ölkələrinin iqtisadiyyatına inteqrasiyası üçün yeni imkanlar yaradacaq, tərəflər arasında ticarətin asanlaşdırılmasını təmin edəcək və idxal-ixrac əməliyyatlarına müsbət təsir göstərəcək.
Eyni zamanda, ticarətin asanlaşdırılması məqsədilə gömrük xidməti risklərinin idarəolunmasında ən müasir riyazi alqoritmlərə əsaslanan, maşın öyrənməsi və süni intellekt əsaslı risk modellərinin qurulması istiqamətində işlər görüb və mühüm uğurlar əldə edib. Belə ki, yaxın zamanda təqtbiqinə başlanılacaq Avtomatlaşdırılmış Risk Analiz Sistemi sərhədkeçmə və gömrük rəsmiləşdirilməsinə sərf olunan müddət və xərcləri minimuma endirərək idxal-ixrac, o cümlədən tranzit əməliyyatlarında öz müsbət töhfəsini verəcək",-deyə sədr qeyd edib.
Qeyd edək ki, bu gün Zəngilan şəhərində "Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları" mövzusunda beynəlxalq konfransa start verilib. Konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Konfransın keçirilməsində məqsəd trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkili, maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.