Bakı. TurkicWorld:
Orta Dəhliz nəqliyyatda sabitliyin və səmərəliliyin simvolu rolunda çıxış edir.
TurkicWorld xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları" mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
O bildirib ki, Orta Dəhlizdəki uğurlar gələcəkdə nəqliyyat və logistika sahəsində dəyişikliklərə səbəb olacaq:
"Geosiyasi məsələlərlə əlaqədar olaraq son iki ildə Orta Dəhlizin əhəmiyyəti kəskin şəkildə artıb. Avropa tərəfdaşlarımız Orta Dəhlizə önəm verirlər".
Qeyd edək ki, bu gün Zəngilan şəhərində "Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları" mövzusunda beynəlxalq konfransa start verilib. Konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Konfransın keçirilməsində məqsəd trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkili, maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.