Son dəqiqə

Azərbaycan Voleybol

Azərbaycanda ilk: voleybol məşqçiləri üçün “Level-3”

Bakı. TurkicWorld:

Azərbaycanda voleybol üzrə ilk dəfə “Level-3” kursuna start verilib.

İdman.biz xəbər verir ki, noyabrın 22-dək davam edəcək hazırlıq Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə keçirilir.

Açılış mərasimində AVF-nin vitse-prezidenti Faiq Qarayev, MOK-un Beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov, AVF-nin Beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova, FIVB-nin məşqçi-instruktoru almaniyalı Peter Nonnenbroiç və rumıniyalı Dan Girleanu iştirak ediblər.

Faiq Qarayev FIVB-nin təşkil etdiyi layihənin böyük əhəmiyyətə malik olduğunu bildirib. O, kursların yerli məşqçilərin yetişməsinə və beynəlxalq səviyyəyə yüksəlməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Ceyhun Rəhmanov ölkəmizdə müxtəlif idman növləri üzrə mütəmadi olaraq beynəlxalq kursların təşkil olunduğunu deyib: “MOK idmanın, eləcə də voleybolun inkişafına xidmət edən beynəlxalq kursların təşkili işini davam etdirəcək”.

Peter Nonnenbroiç və Dan Girleanu Azərbaycanın idman ölkəsi olduğunu bildirərək burada bütün növlərinin inkişafına böyük diqqət yetirildiyini qeyd ediblər. Onlar ölkəmizdə voleybol məşqçiləri üçün təşkil olunan bu cür kursların yerli və əcnəbi mütəxəssislərin beynəlxalq səviyyədə inkişafına kömək olacağını bildiriblər.

Qeyd edək ki, ümumilikdə 14 nəfərin qatıldığı seminara yerli məşqçilərlə yanaşı, İran və Malayziyadan gələn mütəxəssislər də qoşulublar.

Seminar nəzəri və praktiki hissədən ibarət olacaq. Noyabrın 22-də isə baş tutacaq imtahanın nəticələrinə əsasən FIVB-nin ən yüksək sertifikatını əldə edənlər bəlli olacaq.

İdman.biz

Mövzuya görə xəbərlər