Son dəqiqə

Azərbaycan Voleybol

“Abşeron”un baş məşqçisi: “Bunu deməklə, voleybolçularımı zəif hesab etmirəm”

Bakı. TurkicWorld:

Voleybol üzrə qadınlardan ibarət “Abşeron” klubunun baş məşqçisi Famil Ağayevin İdman.biz saytına müsahibəsi

- Azərbaycan Yüksək Liqasında ilk oyunda son çempion “Azerreyl”ə qalib gəldiz. Komandanızı çempionata tam hazır hesab etmək olar?
- “Azərreyl”də 14 il işləmişəm. Onlar mənim üçün doğma komandadır. “Azərreyl”in çox güclü oyunçuları var. Milli komandanın üzvləri və yaxşı legionerləri var. Bizim komandaya nisbətən daha səviyyəlidirlər. Amma bunu deməklə, öz voleybolçularımı da zəif hesab etmirəm. Çox döyüşkən heyətimiz var. İlk matçda da bu lehimizə işlədi. Döyüşkənlik və əzmkarlıq nümayiş etdirərək qalib gəldik.

- Çempionatda əsas hədəfləriniz nə olacaq?
- İstərdim ki, komandanın heyətində legionerlərə yox, daha çox yerli oyunçular imkan yaradaq. Xaricdə olan milli üzvlərini da mövsüm bitdikdən sonra dəvət edəcəyik. Əvvəllər millidə məşqçi kimi çalışmışam. Bu səbəbdən də yerli oyunçularımızın inkişaf etməsini görmək mənim üçün çox sevindirici olar.

- Onda “Abşeron”un heyətini tam komplektləşdirdiyini demək olmaz? Yeni transferlər gözlənilir?
- Yaxın günlərdə daha 2 oyunçu heyətimizə cəlb olunacaq. Adlarını açıqlamaq istəmirəm. Amma deyə bilərəm ki, millinin üzvləridir. Hazırda xarici klublarda oynayırlar. Onlarla müqavilə imzalamışıq. Yaxın günlərdə bizə qoşulacaqlar.

- “Azərreyl”in Çağırış kubokuna uğurla başladı. Sabiq komandanızın Ukrayna “Balta”sının ardınca İspaniya “Avarka de Menorka”nı da mübarizədən kənarlaşdırmaq ehtimalı nə qədərdir?
- Onların 3 oyununu izləmişəm. Düşünürəm ki, bu heyətlə ispanları keçməlidir. İstərdim ki, finala qədər irəliləsinlər. Düşünürəm ki, “Azərreyl” qalib gələcək.

- Azərbaycan çempionatında çıxış edən komandaları necə dəyərləndirərdiz?
- Yarışa qatılan 6 komandadan 5-i yüksək səviyyədədir. “Gəncə”, “Milli Aviyasiya Akademiyası”, “Murov AZ Terminal” hər biri yaxşı heyət qurub. Bu gün “Gəncə” ilə “Murov Az Terminal” arasında qarşılaşma da çox maraqlı olacaq. Komandalar arasında fərq yalnız “Azərreyl” ilə olacaq. Bunun da səbəbi onların avrokuboklarda iştirakıdır. Amma düşünürəm ki, builki yarışda yaxşı mübarizə olacaq. Maraqlı çempionat izləyəcəyik.

Emin Ağa

İdman.biz

Mövzuya görə xəbərlər