Son dəqiqə

Azərbaycan Atçılıq Federasiyası atçılıq idmanı

Bakıda Milli Atçılıq Festivalına start verilib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə noyabrın 5-8-də Binə Atçılıq Mərkəzində, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq Milli Atçılıq Festivalına start verilib.

İdman.biz xəbər verir ki, 4 gün davam edəcək turnirin açılış mərasimindən öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycanin gənclər və idman naziri Fərid Qayıbov Milli Atçılıq Festivalının açılış mərasimində çıxışı zamanı ulu öndərin 100 illik yubileyi çərçivəsində idman federasiyaları da aktiv şəkildə fəallıq göstərdiyini bildirib: “Bu il Azərbaycan Atçılıq Federasiyası üzrə müxtəlif yarışlar keçirilib. Bu gün Milli Atçılıq Festivalının açılış mərasimində toplaşmışıq. Ölkəmizdə keçirilən bütün beynəlxalq yarışlar idmanımızın qələbəsidir. Bütün iştirakçılara uğurlar arzulayıram".

Festivalda yalnız milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə Çövkən çempionatı, Cıdır yarışları və Yorğa qaçışları təşkil olunacaq.

Bu gun qapalı manejdə festivalın təntənəli açılış mərasimi təşkil olunub. Açılış mərasiminin ardınca Çövkən üzrə dünya çempionatının ilk 3 oyunu keçiriləcək. Azərbaycan Türkiyə ilə, Qazaxıstan Mərakeşlə, Özbəkistan isə Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, çövkən çempionatında Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkistan, Polşa və Mərakeş milliləri iştirak edir.

İdman.biz

Mövzuya görə xəbərlər