Azərbaycanda Türk Abidə Menecerləri Şəbəkəsi təsis ediləcək

Azərbaycanda Türk Abidə Menecerləri Şəbəkəsi təsis ediləcək

Bakı. TurkicWorld:

On bir noyabr 2022-ci il tarixində Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü zamanı təşkilat nəzdində Türk Abidə Menecerləri Şəbəkəsinin yaradılmasına dair qərar verilmiş və Sammitin Yekun Bəyannaməsinə daxil edilib.

Bu barədə TurkicWorld-ə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, şəbəkənin yaradılmasında əsas məqsəd Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi statusunda olan ölkələrinin tarixi şəhər və qoruqları arasında mədəni irsin qorunması, bərpası, birgə təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsidir.

Şəbəkənin təsis edilməsinə dair Bakı Bəyannaməsinin imzalanması 09-13 oktyabr 2023-cü il tarixlərində Bakıda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Dövlətləri Təşkilatı tərəfindən təşkil ediləcək "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfrans çərçivəsində baş tutacaq.