Azərbaycana Ukraynadan daha 30 uşaq reabilitasiya üçün gətirilib

Azərbaycana Ukraynadan daha 30 uşaq reabilitasiya üçün gətirilib

Bakı. TurkicWorld:

Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətləri ilə təmin edilməsi işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə bu gün daha 30 nəfər ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.

Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən uşaqlara 15 gün ərzində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.

Reabilitasiya müddətində peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa məşğələləri vasitəsi ilə onların emosional vəziyyətlərinin stabilləşməsi təmin ediləcək.

Uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması üçün onların Şəki, İsmayıllı, Şamaxı şəhərlərində tarixi yerlərə, muzeylərə ekskursiyaları da təşkil olunacaq.

Qeyd edək ki, bundan əvvəl artıq 3 qrup üzrə 100-ə yaxın ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.